Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru istehsalçılaraına 22,5 mln. manat subsidiya veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Foodinfo.az-a verilən məlumata görə, nazirliyin Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İ.Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli, “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. İkinci ildir ki, istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat, bu ildən başlayaraq şəkər çuğundurunun hər 1 (bir) tonuna görə 4 manat məbləğində subsidiya verilir.
Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15389 istehsalçıya təhvil verdikləri 207,2 min ton xam pambığa görə 20719,30 min manat, 10 rayon (şəhər) üzrə 462 istehsalçıya təhvil verdikləri 2,5 min ton quru və 15,5 min ton yaş tütünə görə 201,1 min manat və 28 (şəhər) rayon üzrə 3235 istehsalçıya təhvil verdikləri 396,1 min ton şəkər çuğunduruna görə 1584,6 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.
Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq, tütün və şəkər çuğundurunun miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.