ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə açıq səma altında Azərbaycan xalqının milli bayramı – Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçirib.
Bu barədə Foodinfo.az-a məlumat verən Xalça Muzeyinin mətbuat katibi Zeynab Kazımova bildirib ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində reallaşan layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri – şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçirilib.
Layihə haqqında danışan ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikovanın sözlərinə görə, burada əsas məqsəd xalqımızın milli adət-ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir.
Tədbir çərçivəsində hər iki təşkilatın qadın əməkdaşları Azərbaycan milli geyimlərində şəkərburanın hazırlanması prosesini əvvəldən sonadək həyata keçirib. Tədbirdə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tonqal qalamaq, “papaq atdı”, “qapı pusdu”, “fala baxma” kimi Novruz adətlərini nümayiş etdirən kiçik səhnəciklər təşkil olunub.
Son xəbərlər
- Qışda hər gün naringi yemək üçün səbəblər
- Moruq qan təzyiqini tənzimləyir
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr