Böyrək çatışmazlığı orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərən xəstəliklərdən biridir. Foodinfo.az bildirir ki, bu problemə sahib olan şəxslər gündəlik həyatlarında bəzi vacib qaydalara əməl etməlidirlər.

Ən önəmli məqam düzgün qidalanmadır. Böyrək çatışmazlığı olan xəstələr duz qəbulunu minimuma endirməlidirlər, çünki duz orqanizmdə maye yığılmasına və təzyiqin artmasına səbəb ola bilər.

Həkimlərin tövsiyəsinə görə, zülal qəbulu da nəzarət altında olmalıdır. Çox zülal böyrəklərə əlavə yük yaradır, amma zülalsız qidalanma da orqanizmə zərər verir. Buna görə balanslı pəhriz həkim məsləhəti ilə tənzimlənməlidir.

Kalium və fosforla zəngin qidalar – banan, qoz, süd məhsulları və bəzi paxlalılar məhdudlaşdırılmalıdır, çünki bu maddələrin artması orqanizm üçün təhlükəlidir.

Maye qəbulu da nəzarətdə saxlanmalıdır. Həddindən artıq su içmək ödem və təzyiq problemlərinə səbəb ola bilər. Həkimlər xəstəyə uyğun gündəlik maye miqdarını müəyyən etməlidirlər.

Bundan əlavə, siqaret və alkoqoldan uzaq durmaq, dərmanları yalnız həkim məsləhəti ilə qəbul etmək çox vacibdir. Özbaşına dərman istifadəsi böyrəklərə əlavə zərər vura bilər.

Mütəxəssislər bildirirlər ki, belə xəstələr mütəmadi olaraq analizlər verməli, qan təzyiqini izləməli və həkim nəzarətində olmalıdırlar.