Sink orqanizmdə immun sisteminin güclənməsi, yaraların sağalması, dad və qoxu hissinin qorunması üçün mühüm rol oynayır. Bu mineralın çatışmazlığı isə tez-tez halsızlıq, saç tökülməsi və tez-tez xəstələnmə ilə özünü göstərə bilər. 

Foodinfo.az xəbər verir ki, sink çatışmazlığının qarşısını almaq üçün gündəlik qidalanmaya düzgün məhsulların daxil edilməsi vacib sayılır.

Heyvan mənşəli qidalar sinkin ən yaxşı mənimsənilən mənbələridir. Xüsusilə mal əti, toyuq və hinduşka əti, qaraciyər sinklə zəngin məhsullar sırasında yer alır. Dəniz məhsulları içərisində isə istiridyə sink miqdarına görə ön sıralarda göstərilir.

Həmçinin süd və süd məhsullarının da sink çatışmazlığının aradan qaldırılmasına töhfə verdiyini qeyd edilir. Pendir, qatıq və süd həm sink, həm də onu mənimsəməyə kömək edən zülalla zəngindir.

Bitki mənşəli qidalar arasında balqabaq tumu, küncüt, tahin, noxud, mərcimək və lobya sink baxımından faydalı hesab olunur. Tam taxıllar və kinoa da bu siyahıya daxildir.

Lakin mütəxəssislər vurğulayırlar ki, bitki mənşəli məhsullardakı sink orqanizm tərəfindən daha çətin sorulur. Buna görə də bu qidaların isladılaraq, cücərdilərək və ya bişirilərək istehlak edilməsi tövsiyə olunur.

Qeyd olunur ki, sinkin mənimsənilməsini artırmaq üçün çay və qəhvənin yeməkdən dərhal sonra içilməməsi, dəmir və kalsium əlavələrinin isə sinklə eyni vaxtda qəbul edilməməsi məsləhətdir.