Skumbriya balığı həm dadı, həm də zəngin tərkibi ilə insan sağlamlığı üçün olduqca faydalıdır. Bu balıq növü hətta hisə verilmiş halda belə əgər "maye tüstü" kimi kimyəvi maddələr istifadə edilməzsə, mühüm qida maddələrini qoruyub saxlayır.

Foodinfo.az bildirir ki, skumbriyanın tərkibində B qrup vitaminləri (xüsusilə B12, B3, B6 və B9), D, E, K və A vitaminləri ilə yanaşı, selenium, maqnezium, kalsium, fosfor, kalium və sink kimi mühüm minerallar mövcuddur. Bu balıq, həmçinin omeqa-3 yağ turşuları ilə zəngindir və bu baxımdan ən dəyərli dəniz məhsullarından sayılır.

Skumbriya "pis" xolesterolu azaldır, ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir və təzyiqi tənzimləyir. Araşdırmalar göstərir ki, həftədə ən az üç dəfə skumbriya istehlakı lipid balansını yaxşılaşdırır və qan dövranını gücləndirir. Selenium və omeqa-3 sayəsində o, həm də oksidativ stresi azaldır, beyin funksiyalarını qoruyur və iltihab əleyhinə təsir göstərir. Eyni zamanda, skumbriya immun sistemini gücləndirir və D vitamininin köməyi ilə sümükləri möhkəmləndirir. Sağlam yağlar və zülal tərkibi isə çəkiyə nəzarət etmək üçün faydalıdır, çünki toxluq hissini artırır.

Bununla belə, bəzi şəxslər üçün skumbriya yemək məsləhət görülmür. Duzlu və ya hisə verilmiş formada olan skumbriya mədə-bağırsaq problemləri, qaraciyər və böyrək xəstəlikləri olanlara tövsiyə edilmir. Balıq allergiyası olanlar da bu məhsuldan uzaq durmalıdır. Sağlam insanlar üçün isə həftədə iki-üç dəfə, duzsuz və təbii bişirmə üsulları ilə hazırlanmış 150-200 qram skumbriya faydalı ola bilər.