
Albalı faydalı giləmeyvə olsa da, onu miqdarlı şəkildə qəbul etmək vacibdir. Foodinfo.az bildirir ki, endokrinoloq-dietoloq Nataliya Lazurenko albalının bir dəfəyə 150–200 qramdan artıq yeyilməməsini tövsiyə edib.
Mütəxəssis izah edib ki, albalı tərkibində B və C vitaminləri ilə yanaşı, orqanizm üçün vacib mikroelementlər daşıyır. Lakin meyvə turşuları səbəbindən bu giləmeyvə bəzi şəxslərdə həzm sisteminə mənfi təsir göstərə bilər.
Xüsusilə mədə və onikibarmaq bağırsaq xəstəlikləri, disbioz və ya xroniki həzm problemləri olanlara albalı yemək tövsiyə edilmir. Bu halda albalı epiqastrik ağrılar, həzm pozğunluğu və digər simptomları gücləndirə bilər.
Dietoloq onu da əlavə edib ki, şəkərli diabet xəstələri az miqdarda olmaqla albalıdan istifadə edə bilərlər.
"Birdən-birə bir kiloqram albalı yeməyə ehtiyac yoxdur. İlk mərhələdə 150–200 qramla başlamaq daha doğrudur. Giləmeyvəni yeməzdən əvvəl mütləq yaxşıca yumaq və bədənin reaksiyasını müşahidə etmək lazımdır", – deyə Lazurenko vurğulayıb.