
Tərkibi ilə sağlamlığa saysız faydalar verən pomidorun psixoloji vəziyyətə də təsir etdiyi ortaya çıxıb. Foodinfo.az xəbər verir ki, bu tərəvəz təkcə C vitamini ilə zəngin olması ilə deyil, həmçinin stresin azaldılmasına kömək edən xüsusiyyətləri ilə də diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, pomidorun tərkibindəki əsas maddələrdən biri olan likopen, orqanizmdə stres hormonlarının – xüsusilə də kortizolun – səviyyəsini aşağı salmaqla beyindəki tarazlığı qoruyur.
Likopen eyni zamanda serotoninin – “xoşbəxtlik hormonu”nun – ifrazını stimullaşdıraraq əhval-ruhiyyənin sabit qalmasına dəstək verir. Bununla yanaşı, gün ərzində bir stəkan təzə sıxılmış pomidor suyunun içilməsi, insanın gündəlik likopen tələbatını təmin edir. Yaponiyada aparılmış araşdırmalardan birində iştirakçılar iki həftə ərzində gündəlik olaraq pomidor suyu içdikdən sonra onlarda narahatlıq hallarının və əsəbilik səviyyəsinin xeyli azaldığı müşahidə olunub.
Pomidor həmçinin yuxu problemləri yaşayan insanlar üçün də faydalı ola bilər. Tərkibindəki B qrupu vitaminləri sinir sisteminə güclü dəstək göstərərək sinir gərginliyini aradan qaldırır, rahatlamanı asanlaşdırır. Bu isə yuxunun keyfiyyətini artırır və yuxusuzluğun qarşısını almaqda yardımçı olur.
Pomidorun yalnız salatlarda deyil, həm də müxtəlif isti yeməklərdə istifadə olunması da əhvalın yüksəlməsinə səbəb ola bilər. Onun antioksidant xüsusiyyətləri bədəni zərərli sərbəst radikallardan qoruyur və immun sisteminin güclənməsini təşviq edir. Mütəxəssislər pomidorun rasionda mütəmadi yer almasının ümumi rifah halını yaxşılaşdırdığını, enerji səviyyəsini artırdığını və orqanizmin stresə qarşı müqavimətini gücləndirdiyini vurğulayırlar.
Sadəcə dadlı və asan əldə olunan bir qida olmasının fövqündə, pomidor həm də zehni tarazlığı qoruyan təbii bir vasitə olaraq sağlam həyat tərzinin ayrılmaz hissəsinə çevrilə bilər.