Tibb elmləri namizədi, endokrinoloq Zuxra Pavlova sağlam qidalanmaq və çəkiyə nəzarət üçün tam taxıllı makaron seçməyi məsləhət görüb. Mütəxəssis qeyd edib ki, bu tip məhsullar orqanizmdə daha uzun müddət həzm olunur və toxluq hissini artırır.

Foodinfo.az bildirir ki, Pavlovanın sözlərinə görə, qarabaşaq yarması, qəhvəyi düyü və yüksək lifli digər məhsullar da normal çəki saxlamağa kömək edir. Həkim vurğulayıb ki, sadə makaronlardan fərqli olaraq, tam taxıllı versiyalar daha faydalıdır və daha çox enerji verir. Mütəxəssis yemək porsiyasına da diqqət yetirməyi vacib sayıb. Onun sözlərinə görə, böyük bədən quruluşuna malik bir kişi beş-altı qaşıq makaron yeyə bilər. Lakin zərif bədən quruluşuna sahib qadın üçün üç qaşıq kifayət edir.

Çəkiyə nəzarət edənlər üçün bu, balanslı qidalanmanın əsas qaydalarından biri hesab olunur. Pavlova onu da əlavə edib ki, belə məhsullar orqanizmdə şəkərin sürətlə qalxmasının qarşısını alır. Bu isə artıq çəkidən və maddələr mübadiləsi problemlərindən qorunmağa şərait yaradır. Ekspert insanları qida seçimində daha diqqətli olmağa çağırıb. O, sağlam bədən çəkisinin düzgün porsiya və keyfiyyətli məhsul seçimindən asılı olduğunu vurğulayıb.