Bu il bağlardan 20 min tona yaxın məhsul toplayan cəlilabadlı üzümçülər hazırda qış qulluğuna başlayıblar. Bol məhsul üçün əsas təməl sayılan quru budama işləri fevral ayınadək davam edəcək. Foodinfo xəbər verir ki, ötən mövsüm Cəlilabadda texniki və süfrə üzüm sortlarından orta məhsuldarlıq 180-200 sentner olub. Bəzi bağlarda hətta 300-400 sentnerə qədər məhsul toplanıb. Payız-qış qulluğu zamanı quru budama edilir, bar budaqlarının tam yetişmiş və normal gözləri saxlanılır. Fermerlər texniki sortlarla yanaşı, ixrac qabiliyyətli xarici sortlardan – “Atika”, “Soltani”, “Viktoriya”, “Kişmiş”, “Kardinal” kimi tanınmış süfrə üzüm sortlarını da becərirlər. Kiçik sahibkar Mirhüseyin Cəfərov deyib: “Hazırda bağlarımızda budama işləri aparılır. Növbəti ilin məhsuldarlığının təməlini qoyuruq. Bu işləri bitirdikdən sonra dərmanlamaya başlayacağıq. Qış dərmanlanmasından sonra isə aqrotexniki işlər görüləcək, şum aparılacaq. Məhsulumuzu daxili bazarda satırıq. Qiymətlər bir az aşağı da olsa, hələlik daxili bazarla kifayətlənirik”. Mütəxəssislərin sözlərinə görə, üzüm bağlarının genişləndirilməsi gələcəkdə rayonda yeni emal müəssisələrinin yaradılmasını zəruri edir. Cəlilabad üzümçülük dayaq məntəqəsinin müdiri Azad Əkbərov bildirib ki, rayon ərazisində yeni üzümlük salınır: “Tinglər İtaliyanın “Roşedo”, Fransanın “Rişder” və digər firmalardan alınır. Yerli üzümçülər həmin şirkətlərlə müqavilələr imzalayıblar. İlkin ödəmələr aparılıb və yazda həmin məhsuldar tinglər ölkəmizə gətiriləcək. 2020-ci ilin aprel-may aylarında bu tinglərin əkilməsi ilə yeni üzümlüklərin salınması yekunlaşacaq”. 2020-ci ildən ölkədə tətbiq olunacaq yeni subsidiya qaydaları üzümçülüyün inkişafına təkan verəcək. Qeyd edək ki, ölkəmizdə 500-dən çox yerli və xarici üzüm sortu yetişdirilir. Bunlardan da 30 növü Cəlilabad rayonu ərazisində becərilir. Hazırda rayonda 1500 hektara yaxın üzüm bağı var. Bu bağların 360 hektarı texniki, qalan hissəsi isə süfrə üzüm sortlarından ibarətdir. Nurlan