Zeytunun, zeytun yağının bir çox faydalarının, üstünlüklərinin olduğu hər kəsə məlumdur. Foodinfo.az e-tibb.az-a istinadən bildirir ki, Harvard Universitetinin alimləri müəyyən ediblər ki, gündə yarım yemək qaşığı zeytun yağı ürək və damar xəstəliklərindən qoruyur.
Alimlər, təxminən 100 min nəfərin sağlamlıq durumuna dair məlumatları 24 il boyunca izləyiblər. Nəticədə çoxlu zeytun yağı istifadəsinin ürək sağlamlığı üçün böyük faydalarının olduğu məlum olub.
Araşdırma başlayan zaman xərçəng, ürək xəstəlikləri, eləcə də hər hansı xroniki problemi olmayan insanlar 4 ildə bir dəfə qidalanma, həyat tərzləri ilə bağlı hazırlanan anketləri cavablandırıblar.
Hər gün yarım yemək qaşığı zeytun yağı qəbul edənlərin ürək-damar xəstəliklərinə tutulma riskinin 15 faiz az olduğu qənaətinə gəlinib.
Qeyd olunub ki, Aralıq dənizi ətrafında olan ölkələrdə yaşayan insanlarda bu göstəriciyə daha çox rast gəlinir.