"Rusiyada tərkibində kanserogen təsirə malik qida əlavəsi olan bəzi qidaların idxalı və istifadəsi qadağan olunur. Çünki qidaya rəng verən müəyyən boyalar var, hansı ki, biz onları adi məişətdə də işlətmişik" - Adil Qeybulla Foodinfo xəbər verir ki, bir müdət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Foden" nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb. Monitorinqlər zamanı "Foden" əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub. Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, "İstifadə qaydası və dozası" bəndində "14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə" ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında "0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı" ifadəsi əks olunub. Eləcə də, "Əks göstərişlər" bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb. Bundan başqa, BFMQƏ-nin yüksək riskli məhsullar qrupuna aid edildiyini, eləcə də sözügedən məhsulun 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu və bu baxımdan məhsulun tərkibindəki komponentlərin 0-1 yaşından 14 yaşınadək uşaqların həyat və sağlamlığına ciddi təhlükə yarada biləcəyini nəzərə alaraq, Türkiyənin "Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti" şirkəti tərəfindən istehsal olunan və "İnvest-Plus" MMC şirkəti tərəfindən idxal olunan "Foden" əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Dərmanın içliyinin səhv yazılması, dozanın səhv göstərilməsi kimi halların qarşısını necə almaq olar? Səhiyyə üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu barədə danışıb: “Məşğul olacağımız əsas problemlərdən biri də məhz budur. Dərmanların və qidaların tərkibində qida əlavələri olur. Qida və dərman əlavələrində rəng, dad, stabillik verən maddələr olur. Ayrı-ayrılıqda dərman qida kimi istifadə olunmur". "Dərman və qida əlavələri orqanizmə təsirsiz deyil. Bu məhsulların bəzilərinin təsirləri çox ağır ola bilər. Hazırda qida əlavələri şəklində ağır metal duzlarının və sairin istifadəsi qadağandır. Hətta Rusiyada tərkibində kanserogen təsirə malik qida əlavəsi olan bəzi qidaların idxalı və istifadəsi qadağan olunur. Çünki qidaya rəng verən müəyyən boyalar var, hansı ki, biz onları adi məişətdə də işlətmişik. Bilirsiniz ki, müəyyən şirniyyat vasitələri də boyanır", - deyə o əlavə edib. Ekspert bildirir ki, bu boyaların bəziləri kanserogen təsirə malikdir: "Düşünürəm ki, biz ümumiyyətlə bu məsələlərdə çox diqqətli olmalı, təhlükəsiz qida və dərman preparatlarının idxalına nail olmalıyıq. Lakin təəssüflər olsun ki, burada müəyyən koorporativ maraqlar var, monopoliya mövcuddur. Nəzarət sistemi çox zəif olduğundan dərman və qida bazarında bir biabırçılıq hökm sürür”. “Ona görə hesab edirəm ki, dövlət özü də bu işə müdaxilə etməlİ, nəzarət və rəqabətlilik həyata keçirilməlidir”, - deyə A.Qeybulla əlavə edib. O hesab edir ki, ümumiyyətlə dərmanların içliklərinin dəyişdirilməsi bir cinayət hadisəsidir: “Bu kimi faktlar varsa, ortalığa qoyulmalı və buna qarşı müvafiq addım atılmalıdır. AQTA isə qeyd edir ki, öncə adı çəkilən məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə "İnvest – Plus" MMC-yə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan Respublikasının "Lisenziyalar və icazələr haqqında" Qanununun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilib. Əlavə olaraq, bu kimi məhsulların ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması məqsədilə həmin məhsulların satışı ilə məşğul olan subyektlər məhsula dair qida təhlükəsizliyi sertifikatını mütləq qaydada tələb etməli, o cümlədən sertifikatın saxtalaşdırılması və ya içlik təlimatların və qablaşdırma materiallarının dəyişdirilməsi ilə bağlı şübhəli hallarda Agentliyə məlumat verməlidir.   Nurlan