Özünəməxsus turş dada malik olan turşəng el arasında quzuqulağı kimi də tanınır. Əsasən çiy yeyilsə də, ondan bir sıra xörək və salatların hazırlanmasında istifadə edilir. Kəpənəklər turşəngin üstünə yumurta qoyur, yumurtadan balalar çıxır və onlar turşənglə qidalanırlar. Kəpənək həmin bitkini iyinə görə tapır.
Foodinfo.az xəbər verir ki, yazın ilk aylarında orqanizmin vitamin və minerallara ehtiyacı olan vaxtlarda turşəng çox faydalıdır. Yoğun bağırsağın selikli qişasını qıcıqlandıraraq peristaltikanı artırır, qəbizlik zamanı faydalı təsir göstərir. C vitamini çatışmazlığı nəticəsində ağızda və diş ətində yaranan yaralar zamanı turşəng olduqca faydalıdır. Xüsusilə yaşıl yarpaqların tərkibində olan yüksək miqdarda C vitamini həmin problemləri aradan qaldırır.
Turşəng yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır, həmçinin həzm vəzlərinin işini yaxşılaşdıraraq həzmi, xüsusilə də yağların parçalanmasını asanlaşdırır. Mədə-bağırsaq sisteminin xəstəliklərində dəmləmə və bişirmə şəklində istifadə edilir. Bundan başqa ağrıkəsici, yarasağaldıcı, antitoksik, allergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır.
Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında yaxşı nəticə verir.
100 qram çiy turşəng yarpaqlarının enerji dəyəri 22 kilokalori, bişmiş halda isə 20 kilokaloridir. Həmin xüsusiyyətinə görə turşəng pəhriz menyularına əlavə edilə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, turşəngin həddindən artıq qəbul edilməsi orqanizmdə maddələr mübadiləsini çətinləşdirir, böyrəklərin funksiyasını pozur, osteoporoz, böyrək daşı və podaqra xəstəliklərinin ağırlaşmasına səbəb olur. Turşəngin çox qəbul edilməsi böyrəklərdə oksalat daşlarının yaranmasına səbəb ola bilər. Onun qarşısını almaq üçün həmin göyərtini tərkibində kalsium olan qatıq, süd və kefir kimi qidalarla birgə qəbul etmək lazımdır, çünki turşəng turşusu bağırsaqlarda kalsiumla birləşərək çətin həll olunan və çətin sorulan birləşmələr yaradır, zərər vermədən orqanizmdən xaric olur. Orqanizmdən oksalat duzlarının xaric olmasını asanlaşdırmaq üçün alma sirkəsi qəbul etmək də məsləhətdir.