Bir az yemək yedikdən sonra mədədə, qarında ağırlıq əslində orqanizmin normal halı ola bilər. Amma bu ağırlıq tez-tez baş verirsə, insanı narahat edirsə, deməli, bu vəziyyətə səbəb olan problemlər var. Hansı halda mədədə ağırlıq, sallanma, şişkinlik hissi normaldır, hansı halda isə həkimə, müayinə və müalicəyə getmək lazımdır. Foodinfo son zamanlar əhalidə çox rast gəlinən mədədə hədsiz ağırlıq və şişkinliyin səbəblərini araşdırıb. Əgər yeməkdən sonra şişkinliklə yanaşı bu əlamətlər olursa: - Gəyirmə - Mədə yanması - Qarında köp - Ağızdan, udlaqdan pis qoxu - Yuxululuq - Qarında yayılan sancı - Bir yer tapa bilməmək - Tənəffüsün çətinləşməsi - Yüngül ürəkbulanma - Gərginlik Burda əsas diqqət yetirilməli məqam odur ki, bu hallar maksimum 1 saat ərzində keçməlidir. Əgər saatlarla və günlərlə keçmirsə, deməli, məsələ çox yeməkdə deyil, təcili qastroenteroloq terapevtə müayinəyə getməlisiz. Əgər mədədə ağırlıqla yanaşı: - Nəfəs alma və udmada çətinlik varsa - Mədədən qanlı qusma gəlirsə - Nəcisdə qan izi varsa - Hərarət qəfildən 38 dərəcəyə qalxıb enmirsə - Döş qəfəsində ağrı varsa, təcili yardım çağırın Mədədə ağırlıq və şişkinliyin səbəbləri: - Bir oturuma çox yemək, ağır, yağlı, quru yeməklər, bir sözlə qidaya bağlı hər şey - Tez-tez danışaraq, hava udaraq yemək - Qidanı yaxşı çeynəməmək - Gec həzm olunan ərzaqlar, məsələn bərk ət, qazlı içki, şirniyyat, çiy tərəvəzlər - Qida allergiyaları - Diafraqmada qida borusu yırtığı - Pankreatit - Ezofaqeal reflüks - Ezofagit - Peptik xoralar - Mədə yaraları, qastrit, şişləri Yeməyə bağlı ağırlığı azaltmaq üçün kömür tableti, limonli ilıq su içmək olar.