Bu gün Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında Niyyət protokolu imzalanıb.
Protokol “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Türkistan vilayətinin icra hakiminin müavini Meirjan Mirzaliyev arasında imzalanıb.
Sənəd Azərbaycanın “ABAD” modeli əsasında Qazaxıstan Respublikasının Türkistan vilayətində sənətkarlıq sahəsi üzrə mikro və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini nəzərdə tutur.
Xatırladaq ki, “ABAD” – Ailə Biznesinə ASAN Dəstək – 2016-cı ildən həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşqul olan mikro kiçik və orta sahibkarlara dəstək göstərir. Bugünədək ABADçı-sənətkarların sayı artıq 300-ü ötüb. Sənətkarların əl işlərinin satışı üçün ölkənin fərqli coğrafi ərazilərində 9 etno-butik fəaliyyət göstərir. Burada Azərbaycanın milli ruhunu özündə daşıyan müxtəlif məmulatlar əldə etmək mümkündür. Dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətində özünü təkmilləşdirmək istəyən şəxslər üçün isə Respublika üzrə “ABAD” Məktəbləri fəaliyyət göstərir.
Qeyd edək ki, Turkistan – Böyük İpək Yolu boyunca yerləşən tarixi ərazi olmaqla yanaşı, həmçinin türk dünyasının mənəvi paytaxtı hesab olunur. 2019-cu ilin sonunadək Türkistan vilayətində Böyük İpək Yolunun Ənənəvi Sənətkarlıq Mərkəzinin açılması nəzərdə tutulur. Layihəyə əsasən, mərkəzdə Türk dünyasını təmsil edən sənətkarlar orada yaşayaraq öz peşələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.
Niyyət protokolu bu və digər layihələrdə “ABAD” və Türkistanın Böyük İpək Yolu Ənənəvi Sənətkarlıq Mərkəzi arasında təcrübə mübadiləsini nəzərdə tutur.