Azərbaycan Kənd Təsərrüfatı Naziri İnam Kərimov aqrar sektorda fəaliyyət göstərən iri şirkətlərlə görüşüb.
Nazirliyin məlumatında deyilir ki, görüşdə “Azersun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group Investment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group”, “Seba Qrup” şirkətlərinin nümayəndələri iştirak etmişlər. Nümayəndələrlə aqrar sahənin inkişaf istiqamətləri, birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
“Görüşdə ixtisaslaşmış iri subyektlərin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təklifi verilmişdir. Nazir İnam Kərimov təşəbbüsü dəstəkləyib və belə bir şuranın yaradılması sahibkarların problemlərini anlamaqda, təkliflərin sistemləşdirilməsinə və həll olunmasına kömək edəcəklərini söylədi”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, keçirilmiş seçkilər nəticəsində Aqrar Məşvərət Şurasının sədri
“Azersun Holding”in prezidenti Abdolbari Gozal seçilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə Katibliyin rəhbəri seçilib.
Aqrar Məşvərət Şurasının Əsasnaməsi yaxın bir ay ərzində hazırlanacaq. Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.