Ağız qoxusu dünyada əhalinin hər beş nəfərindən birini narahat edən xəstəlikdir. Lakin həmin qoxunun yaranmasının səbəbləri var. Foodinfo.az xəbər verir ki, bu barədə danışan həkim-fitoterapevt Fizuli Hüseynov Azərtac-a deyib: “İlk növbədə, ağız qoxusunun səbəbini ağız boşluğunda, sonra ağız suyunun istehsalının azalmasında axtarmaq lazımdır. Bundan başqa çürük və metal-keramika ilə örtülən dişlər, xüsusilə həmin qapaqların boşalması zamanı da ağızdan pis qoxu gəlir. Deməli, çiy su az içənlərdə uzun zamandan sonra tüpürcək istehsalı azalır və ağızda bakteriyaların artıb çoxalması üçün münbit şərait yaranır. İkincisi, ağızda problem olmayanda badamcıqlara baxılmalıdır. Bəzən şişmiş badamcıqlar infeksiyalaşıb ağız qoxusuna səbəb olanda adaçayı, evkalipt, palıd qabığı bitkilərindən dəmləmə hazırlanaraq qarqara edilir. Üçüncüsü, mədədə qastrit, qida borusunda ezofagit də pis qoxuya səbəb olur. Mədə sfinkteri çox vaxt açıq qalır və mədə möhtəviyyatının iyi ağıza gəlməyə başlayır, mədədə bakteriyalar artıb çoxalır. Dördüncüsü, ağızdan gələn qoxunu ağır qoxulu xörəklərlə qidalanma nəticəsində ağciyərdən gələn iylər yarada bilər. Onlara əsasən soğan, sarımsaq, pendir, balıq, köhnəlmiş yeməklər daxildir. Həmin yeməklər ağciyərdən buxarlanır və nəfəs yolu ilə ağızdan iy gəlir. Daha çox yeməklərlə əlaqədar olduğuna görə keçici xarakter daşıyır və müalicəyə ehtiyac olmur”.
Ağız qoxusunun qarşısını almaq üçün bir sıra üsullar var. Həkim-fitoterapevt bu barədə məlumat verərək deyib: “Soğanda çox güclü bakterisid təsirli maddələr var, ağız boşluğu və qida yollarında olan problemlərdə çox faydalıdır. Yeməkdən sonra ağıza mixək atmaq və ya cəfəri çeynəmək, cirə, zirə və razyana toxumları dəmləyib içmək və ya üyüdülmüş tozundan istifadə etmək olar. Limon şirəsinin içərisinə təzə nanə yarpağı atılaraq blenderdən keçirilir və yeməkdən sonra yarım stəkan içilir. Yemək yeyəndən sonra adi su ilə ağızı yaxalamaq yemək qırıntılarını təmizləyir. Yeməkdən əvvəl və sonra alma yemək ağız qoxusunu aparır. Yatmazdan əvvəl heyva yemək ağızı rahiyələndirir. Təzə əməköməci yarpaqları çeynənir, suyu udulur, oduncağı tüpürülür. Əməköməci ağız yaralarını sağaldır və ağız qoxusunu aradan qaldırır. Gündə iki stəkan Qafqaz kefiri içilməsi qıcqırmanı azaldır, xəstəliktörədən bakteriyaları məhv edir. Təzə qatıqdan da istifadə etmək olar. Siqaret və alkoqol kimi zərrəli vərdişlər də ağızdan pis qoxu gəlməsinə səbəb olur”.