Yanvar ayının əvvələrindən etibarən ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə işlərinə start verilib.
Ağstafa rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Ağstafa Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Ağstafa rayonunda 7290 baş iribuynuzlu, 709 baş təkdırnaqlı heyvanda qarayaraya, 887 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 1835 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.
Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Qeyd edək ki, Agentliyin Ağstafa Rayon Baytarlıq İdarəsi (14 sahə baytarlıq məntəqəsi daxil olmaqla) tərəfindən 2019-cu il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 1060 baş iribuynuzlu, 316 baş ana qoyundan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 2223 baş iribuynuzlu heyvanda vərəm (allergik), 1563 baş at və 174 baş ulaqda manqo xəstəliklərinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkar edilməyib.
Həmçinin başa vurduğumuz 2019-cu ildə rayonda 213760 baş (o cümlədən 42098 başı cavan) xırdabuynuzlu heyvanda çiçək, 26327 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 1585 baş iribuynuzlu və 7096 baş xırdabuynuzlu heyvanda leptospiroz, 30136 baş (o cümlədən 3653 başı cavan) iribuynuzlu, 171300 baş xırdabuynuzlu heyvanda, 1299 baş at və 1667 baş ulaqda qarayara, 5927 baş itdə quduzluq, 164924 baş xırdabuynuzlu, 53017 baş iribuynuzlu, heyvanda dabaq, 34343 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini) və 4119 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 468250 baş quşda (“H” vaksini ilə) və 645104 baş cücədə (“La-sota” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb, eləcə də 49793 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.
2020-ci ildə Ağstafa rayonunda mövcud olan 25 min baş iribuynuzlu, 130 min baş xırdabuynuzlu heyvan, 2600 baş təkdırnaqlı, 6200 baş it və 270 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.