2019-cu ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər heyəti və bir neçə məsul şəxsinin Fransa, Belçika, Gürcüstan, Rusiya, Argentina, Belarus, Monteneqro, Bosniya və Herseqovinaya işgüzar səfərləri təşkil edilib.
Foodinfo.az xəbər verir ki, Agentlik sədri Qoşqar Təhməzli bildirib ki, səfərlər çərçivəsində bir sıra beynəlxalq və milli təşkilatlarla işgüzar görüşlər keçirilib. Qarşılıqlı səfərlər zamanı Bitki Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğu ilə əməkdaşlıq əlaqələri genişləndirilib. İkitərəfli əməkdaşlıq çərçivəsində Agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədi ilə təqdim olunması təmin edilib. Bu istiqamətlərdə sazişlərin bağlanması respublikamızdan qida məhsullarının həmin ölkələrə asanlıqla ixrac olunmasına şərait yaradacaq. Bundan başqa ötən il mayın 15-də Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2019” sərgisində AQTA ikinci dəfə öz stendi ilə iştirak edib. Eyni zamanda 2019-cu ildə Agentlik tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. İl ərzində Agentliyin əməkdaşları ölkədaxili və xaricdə keçirilən 44 beynəlxalq tədbirdə, 16 beynəlxalq təlimdə iştirak edib.