Fevralın 18-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qida sahəsi üzrə beynəlxalq ekspert Sice-Treda İveta ilə görüşüb. Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, strukturu, ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüş çərçivəsində ölkəmizdə idxal olunan məhsullara risk əsaslı nəzarət tədbirləri ilə bağlı yaradılacaq Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrinin beynəlxalq standartlara uyğunlaşdırması istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, cari ildə sərhəd keçid məntəqələrinin yaxınlığında iki Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin yaradılması nəzərdə tutulub ki, həmin məntəqlər ölkəmizə idxal olunan qida məhsullarının risk qiymətləndirilməsini həyata keçirəcək.
Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrində həmçinin ölkəyə gətirilən iri və xırdabuynuzlu heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək.
Görüşdə beynəlxalq ekspert Sice Treda İveta dünya təcrübəsində uğurla tətbiq edilən Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrini Azərbaycanda da formalaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini bildirib. Qeyd edib ki, sözügedən yeniliklər Azərbaycanda yeni qida təhlükəsizliyi sisteminin inkişafında əhəmiyyətli rol oynayacaq.
Namiq Musayev