Fevralın 26-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Xocalı soyqırımı haqqında məlumat verilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğu vurğulanıb. XX əsrin dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisənin məqsədli şəkildə həyata keçirildiyi, yüzlərlə Xocalı sakininin amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılıb.
Anım tədbirində Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyi, 1994-cü ildə Ulu Öndərin Xocalı faciəsi ilə əlaqədar xüsusi fərman imzaladığı vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycan dövlətinin tarixi ədalətin bərpası istiqamətində apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.
Sonda Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.
Namiq Musayev