Dünyada 2 milyarddan artıq insan dəmir çatışmazlığından əziyyət çəkir. Ümümdünya Səhiyyə Təşkilatının 2011-ci il üçün qiymətləndirməsi göstərir ki, dünya üzrə uşaqların 43, hamilə qadınların 38, hamilə olmayan reproduktiv yaşda olan qadınların (15-49 yaş) isə 29 faizində anemiya var. Qeyd olunan anemiya hallarının qadınlarda təxminən 50, uşaqlarda isə 42 faizi dəmir defisitli anemiyadır (DDA).
Azərbaycanda da bu məsələdə vəziyyət ürəkaçan deyil. 2000-ci ildən 2014-cü ilədək olan Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən ölkədə əhalinin anemiya ilə xəstələnməsi göstəriciləri 2 dəfə artıb.
2013-cü ildә keçirilәn “Milli Qidalanma Sorğusu”nun nәticәlәrinə görə, 15-49 yaşlı qadınlar arasında anemiya 38,2 faiz tәşkil edir, bunun 62,3 faizi dәmir çatışmazlığından yaranan anemiyadır.
Bu gün dünyada problemin qarşısını almaq üçün müxtəlif üsullar tətbiq edilir. Ən uğurlu üsullardan biri də qidaların zənginləşdirilməsidir. Qidanı zәnginlәşdirmәk və onun qida tәrkibini yaxşılaşdırmaq üçün gündәlik istifadә edilәn ərzağa dәmir, fol turşusu, yod, vitamin A, B kimi əlavələr edilir.
Ölkəmizdə də anemiya və dəmir defisiti problemindən əziyyət çəkənlərin müalicəsi üçün çəkilən xərclərlə qidanın zənginləşdirilməsi üçün sərf olunan vəsait müqayisə edəndə ikinci daha sərfəli görünür. Problemin ən asan, daha əlverişli və ucuz həlli yolu gündəlik istifadə olunan qida məhsullarının zənginləşdirilməsidir.
Dünyanın əksər ölkələrində bu məqsədlə unun elektrolit dəmir və vitamin kompleksi ilə zənginləşdirilməsi geniş tətbiq olunur. Azərbaycanda zənginləşdirmək üçün ən münasib qida buğda unudur. Əhalinin qəbul etdiyi qidalar arasında un məmulatları ilk sıradadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, unun zәnginlәşdirilmәsinin talassemiyalı xәstәlәrә mәnfi tәsir göstәrməyəcək.
Unun zənginləşdirilməsi illərdir tətbiq olunan üsuldur. Ölkəmizdə isə bu məsələ uzun illərdir gecikir. “Dəmir defisitli anemiyanın qarşısının alınması və buğda ununun zənginləşdirilməsi üzrə” qanun layihəsi 2005-ci ildə Milli Məclisə təqdim edilmişdi. Lakin 10 ildən çox vaxtın keçməsinə baxmayaraq bu istiqamətdə irəliləyiş olmayıb. Bir neçə gün əvvəl Milli Məclisin Səhiyyə Komitəsinin iclasında məsələ yenidən gündəmə gəlib.
Dəmir defisitli anemiyalarla bağlı şikayətlər çoxdur
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, ölkəmizdə anemiyalar əsasən qadınlarda rast gəlinir. İnstituta dəmir defisitli anemiyalarla bağlı şikayət edilir:
“Qadınların bu problemi daha çox yaşamasının bir sıra səbəbləri var. Müəyyən yaşdan sonra menustral sikl, çoxdöllü hamiləlik səbəblər sırasındadır. Yəni qadın nə qədər çox hamilə qalırsa, dəmir defisitli anemiyadan əziyyət çəkmə halları o qədər artır. Vegeterianlarda da anemiya hallarına çox rast gəlinir. Dəmirlə zəngin qidaları az qəbul edən uşaqlarda dəmir defisitli anemiya müşahidə edilir. Həmçinin, hamilə vaxtı qadında anemiya varsa, bu mütləq uşaqda da özünü göstərir. Kişilərdə fizioloji qanitirmə olmadığından adətən, mədə-bağırsaq və ya burun qanaxmaları davamlı olanda anemiyaya səbəb olur”.
Z.Əlimirzəyeva insanlara qanazlığı diaqnozuna həssas yanaşamağı məsləhət görür.
“Artıq nikahdan əvvəl icbari tibbi müayinələr zamanı qanın ümumi analizi də aparılır. Bu zaman da qan azlığı aşkarlanan şəxslərə problem aradan qaldırmaq üçün məsləhətlər verilir. Qanazlığı müşahidə olunan qadında hamilə vaxtı daha çox dəmir defisitinə rast gəlinir. Çünki ananın qanı dölün inkişafına sərf olunur. Bu məsələyə müdaxilə edilməlidir ki, problem olmasın”.
İnstitut direktorunun sözlərinə görə, qanazlığının qidalanma ilə birbaşa asılı olduğu unudulmamalıdır. Buna görə də unun tərkibinin zənginləşdirilməsinin effektli üsul ola bilər.
İldə adambaşına 1 dollar
Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov bildirib ki, unun zənginləşdirilməsi XXI əsrdə bir çox xəstəliklərin profilaktikası üçün ən məqsədyünlü üsuldur:
“Bu gün dünyanın 83 dövlətində bu üsul tətbiq edilir. ABŞ-da ötən əsrin 60-cı illərindən un zənginləşdirilir. Bu çox zaman birbaşa qan azlığının qarşısını almaq üçün tətbiq edilən üsul kimi qəbul edilir. Lakin bir çox vitaminlərin çatışmazlığı, immun sisteminin gücləndirilməsi, anadangəlmə qüsurlu uşaqların doğulmaması, uzunömürlülük, əmək qabiliyyətinin artması kimi hallar unun zənginləşdirilməsi yolu ilə stabilləşdirilib. Hətta bu üsul ağır patologiyaların aradan qaldırılmasına səbəb ola bilir. İslam ölkələrində qidalanma vərdişlərinə görə çörək və un məmulatlarını çox qəbul edilir. Un məmulatlarının tərkibində insana xeyir verən amil - şəkər, karbohidrat, zülaldır. Lakin un məmulatının tərkibi zülalla kifayət qədər olsa da, heyvan məhsullarındakı qədər bədənə xeyir vermir. İnsan bədəninə lazım olan bir qrup vitamin və minerallar dənlə alınır. Xüsusən də, dənin qabığı dəmirlə zəngindir. Lakin un üyüdüləndə bioloji fəal maddələr kəpəklə xaric olur, ancaq qidalandırıcı maddələr qalır. Ona görə də qidada bu maddələr kifayət etmədiyindən vitamin çatışmazlığı yaranır, nəticədə immunitetin zəifləməsi, nəticədə dəmir defisitli anemiyalar yaranır. Bu gün dəmir defisitli anemiyalar ümumi anemiyaların 2/3-ni təşkil edir”.
İ.Əhmədov bildirir ki, süni yolla əldə edilən bir sıra maddələrin una qatılmasının dəmir defisiti problemini aradan qaldıra bilərik:
“Bu anemiyadan əziyyət çəkənlərin müalicəsi deyil, 9 milyon əhalinin profilaktikası deməkdir. Hesab edilir ki, unun zənginləşdirilməsi əvəzsiz xüsus tibbi, sosial yanaşma yoludur. Unun zənginləşdirilməsi üçün başlıca məsələ lazımi avadanlıqların alınmasıdır. Unun tərkibinə qatılacaq maddələrin qiyməti isə çox da xərc tələb etmir. Bir nəfərin il ərzində istehlak edəcəyi bütün un məmulatlarının zənginləşdirilməsi üçün bir dollar vəsait lazımdır. Burada əsas xərc avadanlıqların alınmasıdır ki, onlar da uzun illər fəaliyyət gösərəcək. Bu heç də baha deyil”.
Uzun və sağlam ömürü kim istəməz?
Kafedra müdiri bildirib ki, unun zənginləşdirilməsi bir sıra xəstəliklərin daimi həll yoludur:
“Bu məsələ illərdir müzakirə edilsə də, son iki ildə irəliləyiş müşahidə edilir. Prezident İlham Əliyevin imzaladığı, 2015-2020-ci illər üzrə Qeyri-İnfeksion Xəstəliklərə qarşı mübarizə startegiyası və bunun əsasında hazırlanan yol xəritəsi bu məsələni daha qabarıq şəkildə ortaya çıxarılmasına imkan verir. Yod defisitini aradan qaldırmaq üçün 1999-2001-ci illərdə aparılan müzakirələrin effekt verdiyi məlumdur. 2002-ci ildə duzun yodlaşdırılması haqqında qanun qəbul edildi, daha sonra ardıcıl tədbirlər həyata keçirildi. İndi əhalinin 90 faiz yodlaşdırılmış duzla təmin edilir. İdxal yolu ilə gətirilən və ya kustar üsulla hazırlanan məhsullar arasında yodlaşdırılmamış duzlar ola bilər. Lakin əsas kütlənin yodlaşdırılmış duzdan istifadə etməsi ölkəmizdə yod defisitini 6.5 dəfəyə qədər azaldıb. Bu çox ciddi rəqəmdir. Yaxın gələcəkdə unun zənginləşdirilməsi ilə bağlı məsələlər də həll olunsa, 5-10 ilə dəmir defisitli anemiya və bir sıra vitamin, immun çatışmazlığı problemini aradan qaldıracaq. Nəticədə əhalinin sağlamlıq vəziyyəti, həyat keyfiyyətinin yüksəlməsinə səbəb olacaq, bu da gələcək nəsil insanların uzunömürlüyü deməkdir. Unun zənginləşdirilməsinin görünməyən tərəfi sağlam uşaqların dünyaya gəlməsi, uşaqlarda onurğa yırtığı kimi problemlərin aradan qaldırılmasına kömək edəcək”.
Yaz ssesiyasının gündəliyində
Milli Məclisin Səhiyyə komitəsin üzvü Məlahət İbrahimqızı bu qanun layihəsinin yaz ssesiyasında Komitədə müzakirəyə çıxarılacağını bildirib:
“Qanun layihəsi ilə bağlı dinləmələr, müzakirələr olacaq. Dünyanın bir çox ölkəsində bu sahədə qanun layihəsi qəbul olunub. Qanunun gündəmə gəlməsinin başlıca səbəbi son illər insanlar arasında anemiya xəstəliyinin geniş yayılmasıdır. Bu sırada qadınlar öndədir. Xüsusən, hamilə qadınlarda bu problem daha çox müşahidə edildiyindən dünyaya gələn uşaq da qan azlığından əziyyət çəkir. Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri unun tərkibinin zənginləşdirilməsi ilə bağlı qanunlar irəli sürüb. Bir sıra ölkələrdə qanun qəbul edilib. Bizdə də müzakirələr aparılacaq, ekspertlər tərəfindən müsbət reaksiya verilsə, belə bir qanun layihəsinin Milli Məclisdə qəbul edilməsi gündəmə gələ bilər”. (Publika.az)