BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlarının 2017-ci ildə başladıqları “Şirin Qızıl” layihəsi uğurla başa çatıb. Foodinfo.az xəbər veirr ki, bu barədə BP-nin açıqlamsaında bildirilir. Məlumata görə, layihənin məqsədi arıçılıq sahəsində ailə biznesləri yaratmaqla və ölkədə ilk dəfə olaraq bal meşəsi salmaqla icmalarda dayanıqlı gəlir imkanlarının artırılmasıdır. BP və tərəfdaşlarının iri sosial layihəsi olan “Şirin Qızıl” həmçinin seçilmiş icma üzvlərini öz təsərrüfatlarını qurmaq və idarə etmək üçün lazımi resurslar və bacarıqlarla da təmin edib. Bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BP şirkətinin yüksək vəzifəli əməkdaşları ilə birlikdə Samux rayonuna səfər edərək layihə çərçivəsində 110 000 nektar ağacının əkildiyi əraziyə baş çəkmiş və dayanıqlı bal biznesi qurmuş bir sıra ailələrlə tanış olub. Səfər zamanı nazir Muxtar Babayev və BP şirkətinin yüksək vəzifəli əməkdaşları yerli hakimiyyət orqanlarının nümayəndələri və könüllülərlə birlikdə “Şirin Qızıl” lahyihəsi üçün 2 000 nektar ağacı əkərək “Yaşıl marafon” kampaniyasına da öz töhfələrini verib. “Biz fəaliyyət göstərdiyimiz bölgələrdəki icmalarda insanlara dayanıqlı mənfəət və faydalar gətirməyimizlə fəxr edirik”, - BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyərəkr, “Şirin Qızıl” layihəsində qarşıya qoyduğumuz məqsədlər tam həyata keçirilib – kənd icmalarında insanlar üçün gəlir imkanları açılmış və yeni bacarıqlar yaradılıb. Həmçinin çox məmnunuq ki, bu layihə ölkədə ağac əkmə və yeni meşələr salma hərəkatına əhəmiyyətli töhfə vermişdir. İnanırıq ki, layihə çərçivəsində yaradılmış bal meşəsi həm arıçılıq üçün bir nektar mənbəyi olaraq, həm də yaşıl təbiət və təmiz ekologiyaya dəyərli dəstək kimi uzun illər boyu yerli icmalara xidmət edəcək”. Xatırladaq ki, “Şirin Qızıl” layihəsi boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvü üçün yeni gəlir imkanları yaradılmasını nəzərdə tutan bir-illik pilot təşəbbüsü kimi 2017-ci ildə başlanılıb. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanları idi. Sonra layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadıldı. Layihənin üç il üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi əlavə olaraq daha 400 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110 mindən çox nektar ağacı əkmək idi. Layihənin gətirdiyi dayanıqlı mənfəət və faydalar: • Ötən 4 il ərzində, layihəyə təxminən 1,4 milyon dollar sərmayə qoyularaq Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarından seçilmiş ailələrin öz şəxsi arıçılıq bizneslərinə başlamaları və onu idarə etmələri üçün lazımi resurslar təmin edilmiş və bacarıqlar yaradılıb. • 530 ailə (2017-2020) arıçılıq və kiçik fermer təsərrüfatı üzrə avadanlıqlar, təlim və davamlı konsultasiya xidməti ilə təmin edilib. • Həmin ailələrə 6000-dən çox arı qutusu verilmiş və onlar 2018-2020-ci illərdə öz arılarından təxminən 73 ton bal əldə etmişlər ki, bunun da ümumi satış dəyəri 800 000 dollarından artıq olub. • Samuxda arıçılıq üçün 110 000 nektar ağacı əkilmiş və bununla da ölkədə ilk bal meşəsi salınıb.