Rusiya ilə Ukrayna arasında gedən müharibə və rus rublunun dəyər itirməsi Azərbaycanın xurma ixracına böyük ziyan vurub. Foodinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov məlumat verib. O, bununla belə Rusiyaya ixracın davam etdiyini bildirib: “Azərbaycandan Ukraynaya xurma aparan maşınlar var idi ki, onların hamısı Moskvaya istiqamətləndirilib. Hazırda Rusiyanın bazarlarında, topdan-satış mərkəzlərində xurma maşınları satış üçün dayanıb. Satışlar gedir, lakin əldə olunan gəlir yalnız gömrük və daşıma xərclərini ödəməyə kifayət edir. Rublun dəyərsizləşməsi xurma ixracatına böyük zərər vurub. Buna baxmayaraq, məhsul ixracı davam edir”. Q.Yusifov bu il üçün Azərbaycanın xurma ixracı ilə bağlı gözləntilərinin mənfi olduğunu bildirib: “Artıq demək olar ki, Ukrayna bazarı yoxdur. Rusiyanın da iqtisadi vəziyyəti çətinləşib. İnanmıram ki, bu bizim üçün yaxşı nəticələrə gətirsin. Azərbaycanda ildə 200 min tondan artıq xurma istehsal olunur və yeni bazarın olmaması ciddi problemlər yarada bilər. Bu problemləri əsasən də istehsalçıların yaşaması labüddür. Çünki ixracatçının məhsul çıxaracağı bir bazar yoxdursa, o istehsalçının məhsulunu almayacaq. Bu da xurma istehsalı sahəsində tənəzzülə gətirib çıxara bilər". "Xurma ixracı üçün yeni bazarların tapılması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Amma lazımi bir cavab ala bilməmişəm. Bildiriblər ki, yeni bazarlar tapmağa çalışırıq. Amma faktiki olaraq ortada bir nəticə yoxdur. Bu günkü vəziyyətdə Azərbaycan xurmasının digər xarici ölkələrə çıxışı üçün müvafiq qurumların təcili addımlar atmasına ehtiyac var”, - Q.Yusifov əlavə edib. Qeyd edək ki, Azərbaycandan xurma əsasən Rusiya, Ukrayna və az miqdarda Belarusa bazarlarına ixrac edilir. Məsələn, ötən il ölkədən 125 milyon 895 min ABŞ dolları dəyərində 174 min 158 ton xurma ixrac edilib ki, bunun 70 %-i Rusiya, 25 %-i, Ukrayna, 5 %-i isə Belarusa olub.