ABŞ-ın Missuri Universitetinin əməkdaşlarının unikal tədqiqat işinin nəticələri açıqlanıb. Alimlər uşaqlıq boynu xərçənginin hüceyrələrini 4 hissəyə bölərək onları tədqiq ediblər.
Birinci hissənin üzərində şüa terapiyası aparılıb. İkinci hissə üçün sırf qaragilə cövhərindən istifadə olunub. Üçüncü hissəyə şüa terapiyası və qaragilə cövhərindən ibarət kompleks təsir göstərilib. Dördüncü hissə nəzarət edilən hissə olaraq seçilib. Tədqiqat zamanı xərçəng hüceyrələrinin şüa terapiyasının təsiri ilə 20 faiz, qaragilə cövhərinin təsiri ilə 25 faiz azaldığı müəyyən olunub. Şüa terapiyası ilə qaragilə cövhərinin kompleks istifadə olunması nəticəsində xərçəng hüceyrələrinin təqribən 70 faizi məhv olub.
Həkimlər bunu tərkibinin resveratrol və flavonoidlərlə zəngin olması ilə əlaqədar radiosensibilizasiya (həssaslığı artırma) xüsusiyyətinə malik olan qaragilənin xərçəng hüceyrələrinin şüa terapiyasına həssaslığını artırmaq bacarığı ilə izah ediblər. Eksperimentin nəticələri bu yaxınlarda aparılan tədqiqatların yekunlarını təsdiq edib. Həmin tədqiqatlar resveratrolla zəngin qırmızı üzümün prostat vəzi xərçənginin müalicəsində səmərəli olduğunu göstərib. (AZƏRTAC)