Azərbaycan milli mətbəxinin qədim yeməklərindən biri çoban basdırmasıdır. Ölkəmizdə əsasən heyvandarlıqla məşğul olan əhalinin bişirdiyi çoban basdırması qədim zamanlardan Qarabağ camaatının, xüsusən də tərəkəmələrin ən çox sevdikləri yeməklərdəndir.
Beyləqan rayonunun Təzəkənd kənd sakini Tofiq Vəliyev bildirib ki, çoban basdırması daha çox köç Qarabağ dağlarına yaylağa gedərkən bişirilərdi. “Dədə-babadan qoyunçuluqla məşğul olmuşuq. Hər il yay fəslini gözəl yaylaqlarda keçirər, havalar soyuyanda isə Beyləqana qayıdardıq. İndi isə yaylaqlarımız işğal altında olduğu üçün o yerlərə gedə bilmirik. Qədimdən qalan adət-ənənələrimizi qoruyub saxlayırıq. Çoban basdırması isə biz tərəkəmələrin ən sevimli, ləziz yeməklərindən biri olaraq qalır”.
Talıbxanlı kənd sakini Elxan Əliyev isə çoban basdırmasının bişirilmə qaydasından danışarkən deyib: “Çoban basdırması ay yarımlıq, iki aylıq kök quzudan bişirilir. Qarabağı, bozkərə sort qoyunların quzularından bişirilən çoban basdırması daha ləzzətli olur. Quzu kəsildikdən sonra dərisi bütöv çıxarılır. Dərinin ayaq və boyun hissələri möhkəm bağlanır. Əti və quyruğu doğranılır, əlavə olaraq kəkotu, duz, istiot, alça və sair vurulub dəriyə doldurulur, dəri bağlanır. Torpaqda çala qazılır. Çalada ocaq qalanır. Ətlə doldurulmuş dəri köz düşmüş çalaya qoyulur, üstü közlə örtülüb torpaqlanır, üzərində ocaq qalanır. 3-4 saatdan sonra yemək hazır olur. Çoban basdırması çox ləzzətli, dadlı olur”.
Qeyd edək ki, çoban basdırması bəzən qoyun dərisində deyil, qursağında (mədəsi) bişirilir. Bunun üçün mədə axar suda yuyulub təmizlənir, içərisinə içlik (doğranmış ət və s.) doldurulub çalaya basdırılır, yaxud təndirdə hazırlanır. (Azərtac)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı