D vitamini orqanizmin sağlamlığı üçün vacib olan yağda həll olan bir vitamindir. Günəş işığı ilə sintez oluna bildiyi üçün ona “günəş vitamini” də deyilir. Amma təkcə sümüklər üçün deyil, immun sistemindən tutmuş, əzələlərə, beyinə qədər bir çox sahədə vacib rol oynayır.

Foodinfo.az D vitamininin əsas funksiyalarını təqdim edir:

1. Sümükləri gücləndirir

D vitamini kalsiumun bağırsaqlardan sorulmasını artırır, bu da sümüklərin möhkəmlənməsi üçün vacibdir. Uşaqlarda raxit xəstəliyinin, böyüklərdə isə osteoporozun (sümük əriməsi) qarşısını alır.

2. İmmunitet sistemini gücləndirir

Bu vitamin bədənin müdafiə sistemini aktivləşdirir. Viruslara və bakteriyalara qarşı müqaviməti artırır.

3. Əzələlərin sağlamlığı

Əzələ gücünü və elastikliyini qorumağa kömək edir. D çatışmazlığı əzələ zəifliyi və tez yorulmaya səbəb ola bilər.

4. Ruh halını tənzimləyir

D vitamini beyində serotonin kimi əhval-ruhiyyəni tənzimləyən maddələrin səviyyəsinə təsir göstərir. Çatışmazlığı depressiya, yorğunluq və ruh düşkünlüyünə səbəb olur.

5. Ürək-damar sağlamlığına dəstək

Düzgün səviyyədə D vitamini qan təzyiqini və ürək funksiyalarını tarazlayır.

6. Qaraciyər və böyrək funksiyalarında rol oynayır

Bu orqanların düzgün işləməsində dolayısı ilə iştirak edir.

D vitamini çatışmazlığının əlamətləri:

– Davamlı yorğunluq

– Sümük və bel ağrısı

– Tez-tez xəstələnmək

– Əzələ zəifliyi

– Əhval-ruhiyyə pozğunluğu

– Uzun müddətli çatışmazlıqda sümüklərin deformasiya riski

Bəs, D vitamini nələrdə var?

– Günəş işığı (ən əsas mənbə)

– Yumurta sarısı

– Balıq yağı

– Sardina, skumbriya, qızılbalıq

– Süd məhsulları (bəzi hallarda D vitamini ilə zənginləşdirilmiş)

– D vitamini ilə zənginləşdirilmiş dənli məhsullar