
A vitamini orqanizm üçün çox vacibdir, xüsusilə göz, dəri və immun sisteminin sağlamlığı üçün faydalıdır.
Foodinfo.az xəbər verir ki, bu vitamin iki əsas formada olur: heyvani mənşəli qidalarda “retinol” kimi, bitki mənşəli qidalarda isə “beta-karoten” şəklində.
Ən zəngin A vitamini mənbələrindən biri heyvan qaraciyəridir – xüsusilə dana və toyuq qaraciyəri bu baxımdan çox güclüdür. Yumurtanın sarısı, kərə yağı, süd və balıq yağı da A vitamini ilə zəngin qidalar sırasındadır.
Bitki mənşəli qidalar arasında isə yerkökü ilk sıradadır. Onun tərkibindəki beta-karoten orqanizmdə A vitamininə çevrilir.
Balqabaq, şirin kartof, qırmızı bibər, ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər də faydalı mənbələrdəndir.
Meyvələr içində manqo, qovun və qarpız kimi narıncı rəngli meyvələr də beta-karotenlə zəngindir.
A vitamininin çatışmazlığı görmə problemlərinə, dəridə quruluğa və immun zəifliyə səbəb ola bilər.
Ancaq artıq miqdarda qəbul edildikdə – xüsusilə vitamin əlavələri şəklində –bədəndə zəhərlənməyə səbəb ola bilər. Ona görə də A vitaminini təbii qidalardan və balanslı şəkildə almaq ən sağlam üsuldur.