Marketlərdə vitrinlərdə göstərilən qiymətlə kassalardakı qiymətin üst-üstə düşməməsi halları davam edir. Yeniavaz.com xəbər verir ki, bu dəfə belə bir halla vətəndaşlardan biri paytaxtın Tbilisi prospektində yerləşən "Neptun" marketdə üzləşib.
Belə ki, sözügedən marketdən xurma alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşıb.
Üzərində qiyməti 1 manat 95 qəpik olan xurmanın kassada qiyməti 2 manat 65 qəpik çıxıb.
Bu barədə şikayətini redaksiyamıza bildirən alıcı deyib ki, iradını mağazanın kassasında əyləşən xanıma bildirib.
Mağazada ona bunun texniki problem olduğunu, tezliklə qiymətdə düzəliş ediləcəyi bildirilib.
"Xurmanın pulunu ödəmək üçün ödəniş edəndə qalıq pulu görüb təəccübləndim. Dedim bu nədir? Satıcı cavab verdi ki, qiyməti 2 manat 65 qəpikdir. Soruşdum axı malın üzərində başqa qiymət yazılıb? İddia etdilər ki, bu bir texniki səhvdir. Narazılığımı bildirdim ki, mən malın üzərində göstərilən qiyməti ödəmək istəyirəm, amma razı olmadılar. Məcbur qalıb 2 manat 65 qəpik ödədim",-deyə müştəri bildirib.
O, dediklərinə sübut kimi həmin məhsulun və kassa çekinin fotolarını təqdim edib.
Həmin fotoları təqdim edirik: