Azərbaycanda ən çox alış-veriş edilən supermarketlərin adları məlum olub.
Bu “Business Insight International Research Group”un “İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı” məlum olub. Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.
Sorğuda məlum olub ki, alıcıların 62%-i gündəlik tələbat mallarını supermarketlərdən, 31,2% kiçik məhəllələrdə yerləşən marketlərdən, 6,8% isə bazarlardan alır.
Araşdırma göstərir ki, ölkənin, xüsusilə də paytaxtın pərakəndə satış bazarında fəalliğı ilə seçilən “Araz” və “Bravo” marketləri olub. Sorğu nəticələri göstərir ki, ən çox alış-veriş edilən supermarketlər sırasında məhz bu iki şirkət liderlik edir.
Nəticələr göstərir ki, “Araz” supermarketlər şəbəkəsinin daha geniş olması “Araz”-ın seçimində əsas səbəbdir. İlk üçlüyü “Bazar Store” qapayır, 4-cü yeri isə "Oba" marketlər şəbəkəsi tutur.
Ən az alış-veriş edilən supermarket şəbəkələri isə “Kinqsmart”, “Bolmart” və “Mega Store” olub.
Vətəndaşlar supermarket seçimlərinin nəyə əsaslandığını da bildiriblər və burada maraqlı nəticələr var.
Belə ki, sorğuda iştirak edənlərin 43,6%-i supermarketi qiymətə görə, deyil, məhz evə yaxın olmasına görə seçdiklərini bildiriblər.
Səs vermədə iştirak edənlərin 27%-i supermarketi qiymətinə görə, 26,2%-i isə məhsulların keyyfiyyətinə görə seçdiklərini bildiriblər.
Vətəndaşların supermarket seçimində heç fikir vermədikləri məsələ isə parkinq olub. Cəmi 0,4% respondent supermarketi məhz parkinqinə görə seçdiyini bildirib. Hərçənd, bu göstərici, sorğuda iştirak edənlər arasında avtomobil sahiblərinin az olması ilə də bağlı ola bilər.
(Fed.az)