Sabahdan Azərbaycana gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi tətbiq ediləcək. Foodinfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb. Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir. İndiyə qədər şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər və meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin hər litri üçün 2 manat aksiz dərəcəsi tətbiq edilib. Dəyişikliyə əsasən, ölkəyə idxal edilən energetik içkilərin hər litri üçün vahid aksiz dərəcəsi – 3.1 manat tətbiq olunacaq.