“Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinizə müraciət edin!”

Böyrək daşı xəstəliyi - ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman əriməyən duzlar böyrəkdə müxtəlif ölçülərdə daşların yaranmasına səbəb olur. Böyrək daşı xəstəliyi xroniki, təkrarlanan metobolik xəstəlikdir. Əsasən 20-50 yaşlarında təsadüf olunur.

Foodinfo.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, xəstəlik daha çox kişilərdə rast gəlinir:

“Xəstəliyin yaranma səbəblərinə gəlincə, düzgün olmayan qidalanma və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu), irsi meyllilik, genetik faktorlar, böyrəyin quruluş anomaliyaları, isti iqlim qurşağı, bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar, sidikdə normadan artıq kalsium, oksalat atılımı, əvvəllər böyrək daşı olanlar, sidik yollarında yad cisimlər, artıq çəki, uzun müddət hərəkətsiz qalmaq və sairə səbəbləri göstərmək olar. Daşlar sidik yollarında hər yerdə ola bilər və bu da çox vaxt qanaxma və ağrıya səbəb olur. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyini, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində ağrı yaradır. Bəzən ağrı o qədər güclü olur ki, xəstələr ağrıya dözə bilmirlər. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olarsa, ağrı xüsusilə qarnın altı hissəsində hiss edilir. Sidikdə qan, sidik ifrazı zamanı yanma hissi, temperatur və tərləmə müşahidə oluna bilər”. 

Həkim-terapevt böyrək daşının əlamətlərinin ağrı (böyrək sancısı), sidikdə yanma hissi, qanama, ürəkbulanma və qusma kimi hallar olduğunu nəzərə çatdırdı. 

V. Hüseynova böyrək daşı xəstəliyi ilə müraciət edən xəstələrə düzgün diaqnoz qoymaq üçün mütləq ətraflı anamnez toplamağın zəruriliyini də vurğulayır:

“Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir. Diaqnoz USM vasitəsilə qoyulur. Xəstəliyin müalicəsi konservativ və cərrahi yolla aparılır”. 

Həkim-terapevt onu da bildirir ki, su içmək əvəzinə həddən artıq çay və qəhvə içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Buna görə də gün ərzində normal halda insan 10 -12 stəkan su içməlidir. Eyni zamanda hərəkətsiz qalmaq, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər də böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.

Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinizə müraciət edin! Onlar sizi müvafiq müayinələrdən keçirərək, zərurət olduğu halda digər dar ixtisas həkimlərinə və laborator analizlərə yönəldəcək!

Bəzən daşınız da ağır olur. Çalışın böyrəyinizə də daş düşməsin! Böyrəkdəki ən xırda daş belə insana böyük ağrılar verir.