İshal zamanı orqanizmin ən böyük riski susuzlaşmadır. Bu səbəbdən düzgün qidalanma və maye qəbulu ishalın daha tez keçməsində mühüm rol oynayır.

Foodinfo.az xəbər verir ki, ishal zamanı ilk növbədə bol maye qəbul etmək vacibdir. Su, duzsuz ayran, çobanyastığı və nanə kimi bitki çayları orqanizmdə itirilən maye və elektrolitlərin bərpasına kömək edir. Xüsusilə uşaqlarda və yaşlılarda maye itkisi daha təhlükəli hesab olunur.

İshal zamanı düyü suyu və ağ düyü istehlakını da tövsiyə edirlər. Bu qidalar bağırsaqları sakitləşdirir və nəcisin bərkiməsinə kömək edir. Banan isə kalium baxımından zəngin olduğu üçün ishal zamanı itirilən mineralların bərpasında faydalı sayılır.

Həmçinin, probiyotik təsiri olan qatıq və kefir bağırsaq mikroflorasının bərpasına kömək edir. Lakin mütəxəssislər bu məhsulların şəkərsiz və az yağlı olmasına diqqət yetirilməli olduğunu vurğulayırlar.

İshal dövründə yağlı, qızardılmış və ədviyyatlı yeməklərdən uzaq durmaq tövsiyə olunur. Şəkərli və qazlı içkilər, qəhvə və spirtli içkilər də ishalı daha da şiddətləndirə bilər.

Bu hal 2–3 gündən çox çəkərsə, yüksək hərarət, qanlı nəcis və ya güclü qarın ağrısı müşahidə olunarsa, mütləq tibbi yardıma müraciət etmək lazımdır. Vaxtında görülən tədbirlər ishalın fəsadlarının qarşısını almağa kömək edir.