Ənənəvi təbabətdə geniş istifadə olunan kişniş toxumu son illər elmi araşdırmaların da diqqət mərkəzinə çevrilib.
Foodinfo.az xəbər verir ki, kişniş toxumu sidikqovucu təsirə malikdir. Bu xüsusiyyət bədəndə artıq mayenin atılmasına kömək edir və nəticədə qan təzyiqinin aşağı düşməsinə müsbət təsir göstərir. Həkimlər yüksək təzyiq problemi olan şəxslərin bu bitkini diqqətlə və normada istifadə etməsini tövsiyə edirlər.
Kişniş toxumu “pis” xolesterinin (LDL) azalmasına, “yaxşı” xolesterinin (HDL) isə artmasına kömək edu. Bu təsir damarların qorunmasına və ürək-damar xəstəlikləri riskinin azalmasına şərait yaradır.
Tərkibindəki antioksidant maddələr damar divarlarını sərbəst radikalların zərərli təsirindən qoruyur. Bu isə ürəyin daha sağlam işləməsinə dəstək verir.
Bitkinin tərkibindəki bəzi aktiv maddələrin qan dövranını yaxşılaşdırdığı bildirilir. Mütəxəssislər bunun ürəyin yüklənməsinin azalmasına kömək edə biləcəyini qeyd edirlər.
Aşağı təzyiqi olan şəxslər, hamilə qadınlar və ürək dərmanları qəbul edənlər kişniş toxumunu müntəzəm istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Həddindən artıq istifadə halsızlıq və təzyiqin həddən artıq düşməsinə səbəb ola bilər.
Kişniş toxumu düzgün və ölçülü istifadə edildikdə ürək sağlamlığını dəstəkləyir. Lakin onu müalicə vasitəsi kimi deyil, sağlam qidalanmaya əlavə kimi qəbul etmək daha məqsədəuyğundur.






