Dəri bədənin ən böyük orqanı hesab olunur. Bəs niyə suda uzun müddət qaldıqda əl və ayaq barmaqlarımız büzüşür?

 Foodinfo.az-ın məlumatına görə, alimlər hələ 1930-cu illərdə aşkar ediblər ki, barmaqlarında sinir zədəsi olan insanlarda vanna qəbul etdikdən sonra qırışlar əmələ gəlmir. Belə çıxır ki, bu "büzüşmə" suyun hopması ilə əlaqəli deyil.

Bu yaxınlarda isə mütəxəssislər nəhayət yuxarıdakı suala cavab tapıblar.

Belə ki, uzun müddət suda üzdükdən sonra qan damarları yığılır. Nəticədə, dəri büzüşür, buna isə vegetativ sinir sistemi cavabdehdir.

İnsanın əl və ayaqları bir neçə dəqiqədən çox su ilə təmasda olduqda dəridəki tər kanalları açılır. Bu, dərinin içindəki duz səviyyəsini azaldır. Sinir lifləri beyinə duz səviyyəsinin azalması haqqında məlumat göndərir, vegetativ sinir sistemi isə buna qan damarlarını sıxaraq cavab verir.

Qan damarlarının daralması dərinin ümumi həcminin azalmasına səbəb olur. Buna görə də dəri büzüşür. Həmçinin, qan damarları daraldıqda dəri daha açıq rəngdə olur. İnsanın dəridəki sinirləri zədələnibsə, belə daralma baş vermir.

Tədqiqatçılar, həmçinin, büzüşmüş dərinin suyun altındakı obyektləri daha yaxşı tutmağa kömək etdiyini aşkarlayıblar. Bundan əlavə, belə dəri sualtı səthdə hərəkət etməyi asanlaşdırır və sürüşmə ehtimalını azaldır.