2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2 faiz bahalaşıb.
Ay ərzində unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, kartofun, qəhvə və çayın qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, badımcanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.