Onlayn ticarət və rəqəmli marketinq internetdə alış-verişi daha rahat və sadə hala gətirib, həmçinin alıcılara satın alınmış malları qiymətləndirməyə, məhsul və xidmətlər haqda informasiyanı başqa insanlarla paylaşmağa imkan verib. “ABI Research” şirkətinin analitikləri hesab edirlər ki, virtual reallıq texnologiyaları şopinqin keyfiyyətini yüksəltmək üçün daha bir effektiv alət ola bilər. Ekspertlərin qiymətləndirməsinə görə, ticarət və marketinq sahəsində virtual reallıq texnologiyalarından istifadə 2022-ci ildə 1,8 milyard dollar gəlir gətirəcək.
Şirkətlər artıq VR texnologiyaların üstünlüyünü lazımınca qiymətləndirirlər. Məsələn, ekspertlər qeyd edirlər ki, avtomobil satıcıları və turizm agentlikləri öz mal və xidmətlərinin təşviqi üçün VR alətlərdən uğurla istifadə edirlər. Avtomobilin virtual test-drayvı və ətraflı icmalı potensial alıcılarda maşın haqda daha yaxşı təsəvvür yaradır, tur paketlərin satışı vaxtı isə virtual turlar və panorama çarxlar səyahət üçün istiqaməti seçməkdə kömək edir.
Həmçinin VR texnologiyalar mebel və məişət əşyaları mağazaları üçün olduqca faydalıdır. Alıcılar qərar qəbul etməzdən əvvəl virtual reallıq texnologiyasının köməyi ilə məhsula ətraflı baxa, onu ev şəraitində görə, öz zövqünə uyğun detalları seçə bilərlər. İsveçin “IKEA” mebel ticarət şəbəkəsi və Şimali Amerikanın evin tərtibatı üzrə “Lowe's” mağazalar şəbəkəsi virtual texnologiyalardan uğurla istifadə edirlər. (ICTnews)