Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli vakant dövlət qulluğu vəzifəsinə qəbulda uğurlu nəticə göstərərək agentliyin Aparatında işlə təmin olunan əməkdaşlarla görüşüb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sədr əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida ilə təminatı və bu məqsədlə ölkədə qida təhlükəsizliyi sisteminin qurulmasının agentliyin prioritet vəzifələrindən olduğunu bildirib və bu çətin və məsuliyyətli işdə qurumun yeni əməkdaşlarına uğurlar arzulayıb.
Görüşdə işə qəbul olunan dövlət qulluğu vəzifəsinə qəbul prosesinin şəffaf və obyektiv aparıldığını qeyd edib, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Aparatında vakant olan bəzi inzibati vəzifələrin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il noyabrın 5-də elan olunan müsabiqə üzrə müsahibədə 27 nəfər iştirak edib. Onlardan 19-u vakant dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib və müvafiq vəzifələrə təyin olunub, 8 nəfər isə agentliyin ehtiyat kadrları siyahısına əlavə edilib.