Son illər qlütensiz pəhriz dünya miqyasında populyarlıq qazanıb, lakin hər kəs üçün bu qədər ciddi məhdudiyyətlərə ehtiyac varmı? Foodinfo.az xəbər verir ki, qlüten həssaslığı və çölyak xəstəliyi yalnız müəyyən insanlarda ciddi sağlamlıq problemlərinə səbəb olur.

Amerikalı qastroenteroloq Dr. Alessio Fasano “Harvard Health Publishing”ə açıqlamasında bildirib ki, əhalinin təxminən 1%-i çölyak xəstəliyindən əziyyət çəkir və bu şəxslər üçün qlütenli məhsullar ciddi bağırsaq zədələnməsinə səbəb olur: “Onlarda yeganə çıxış yolu ömürlük qlüten-free pəhrizdir”.

Bundan əlavə, bəzi insanlarda qlütenə qarşı qeyri-çölyak həssaslıq ola bilər. Bu halda da həddindən artıq şişkinlik, qarın ağrısı və yorğunluq müşahidə olunur. Lakin əksər sağlam insanlarda qlüteni məhdudlaşdırmağa ehtiyac yoxdur.

Mütəxəssislər vurğulayırlar ki, qlütenli qidaları pəhrizdən tamamilə çıxarmaq balanssız qidalanmaya gətirib çıxara bilər. Ona görə də qlüten-free pəhriz yalnız tibbi göstərişlə tətbiq edilməlidir.