Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Tovuz rayon sakini Əziz Hüseynov saxlanılıb. Onun ovladığı 33 ədəd “şəhmayı” və 3 ədəd “daban (karas)” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1122 manat miqdarında zərər vurması müəyyən edilib. Ə.Hüseynov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Vaxtaşırı olaraq Mingəçevir və Şəmkir Su Anbarlarında keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir