Azərbaycan milli mətbəxində özünə məxsus yeri olan yeməklərdən biri də tərəvəz dolmasıdır. Foodinfo.az oxuculara tərəvəz dolmasının düzgün hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
6 balaca boy badımcan
6 pomidor
3 bolqar bibər
kərə yağı
İçlik:
500 qr. sümüksüz quzu əti
2 baş soğan
sarıkök
duz
istiot
Hazırlanması:
1. Badımcanların saplağını kəsirik, ortadan biçaqla biraz kəsirik. Kəsdiyimiz yerə duz sürtürük və qızğın tavada hər tərəfli qızardırıq. Alt hissəsi yumuşalanda demək ki, hazırdır.
Suda bişmiş badımcanı qəti bəyənmirəm, amma seçim sizindir.
2.Pomidorları alt hissəsindən papaq kimi kəsirik, amma sona kimi yox.
Üst hissəsindən kəsmək düz deyil, bu halda pomidor bişəndə dağılır. İçindən ortasını çıxardırıq, amma atmırıq. Ətin içinə əlavə edəceyik.
3.Bibərlərin ustundən papaqlarını kəsirik, sona kimi yox. İçini təmizləyirik. Tavada günəbaxan yağıda hər tərəfli biraz qızardırıq.
4.Əti bacardığınız qədər xırda-xırda doğrayın. Soğanı xırda-xırda doğrayın və ya blendordan keçirin.
Tavaya qoyun və suyu buraxmasını gözləyin. Öz suyunda bişməlidir. Suyu çəkiləndə biraz günəbaxan yağı və pomidorun içliyini əlavə edin. Biraz qızarandan sonra ədviyyatları səpin və yaxşı qarışdırın. Altını keçirdin və soyumasını gözləyin.
5.Bütün tərəvəzdərin içini ətnən doldururuq.
6.Dərin və qalın qazanın içinə əvvəl badımcanları, sonra bibəri ən sonda isə pomidorları yığırıq.
Üstünə kərə yağı əlavə edirik. Az xodda təhmini 30 dəqiqə bişiririk.
Nuş olsun!