Turşu məhsulları, xüsusilə qış aylarında qrip və soyuqdəyməyə qarşı dəstəkləyici təsir göstərir. Foodinfo.az xəbər verir ki, bunun əsas səbəbi turşuların tərkibində probiyotiklər, vitaminlər və antioksidantlar olmasıdır.
Lakin bu qidalar birbaşa qripi müalicə etməsə də, immun sistemini gücləndirərək bədənin viruslarla mübarizəsinə kömək edir.
Turşular, xüsusilə kələm turşusu probiyotik baxımından zəngindir. Bu faydalı bakteriyalar bağırsaq sağlamlığını dəstəkləyir və immunitet sistemini gücləndirir. Güclü bağırsaq mikroflorası bədənin infeksiyalara qarşı müqavimətini artırır. Bundan əlavə, turşu məhsulları C vitamini ilə zəngindir ki, bu da hüceyrələri qoruyaraq sağalma prosesini sürətləndirir.
Eyni zamanda, turşuların yüksək duz tərkibli olduğunu nəzərə almaq lazımdır. Həddindən artıq istehlak edildikdə qan təzyiqini artıraraq digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, turşu məhsulları mədəsi həssas olan şəxslərdə qıcıqlanma yarada bilər.
Qripdən qorunmaq üçün turşularla yanaşı, meyvə-tərəvəz, zülal və bol maye qəbul etmək də vacibdir. Profilaktika üçün düzgün qidalanma, istirahət və gigiyena əsas rol oynayır.