Orqanizmin gündəlik C vitamini ehtiyacı yaşa və həyat tərzinə görə dəyişir. Ümumi tövsiyələrə əsasən, böyüklər üçün gündə 65–90 mq, maksimum isə 2000 mq qəbul limiti nəzərdə tutulur.
Foodinfo.az xəbər verir ki, C vitamini immuniteti gücləndirməklə yanaşı, dəmirin sorulmasını artırır, dəri və damar sağlamlığını dəstəkləyir. Xüsusilə siqaret çəkən şəxslərin C vitamininə tələbatı daha yüksək olur və gündə əlavə 35 mq artıq qəbul tövsiyə edilir.
Həmçinin C vitamini tablet şəklində deyil, daha çox təbii mənbələrdən – sitrus meyvələri, kivi, çiyələk, brokoli və bibər kimi qidalardan alınarsa, bədən tərəfindən daha yaxşı mənimsənilir.
Gündəlik normanın aşılması isə mədə narahatlığı, ürəkbulanma və böyrək daşı riskini artıra bilər. Buna görə C vitamininin dozasını balanslı şəkildə saxlamaq məsləhət görülür.






