Qış mövsümündən sonra bir çox insan özünü yorğun və halsız hiss edir. Günəş işığının azlığı, soyuq hava və fiziki aktivliyin azalması orqanizmdə vacib vitamin və mikroelementlərin çatışmazlığına səbəb ola bilər.

Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, tibb elmləri namizədi, elementologiya üzrə mütəxəssis Andrey Skalnı qışdan sonra enerjinin bərpası üçün hansı maddələrin vacib olduğunu açıqlayıb. Onun sözlərinə görə, ilk növbədə orqanizm günəş şüalarının az olması səbəbindən D vitamini çatışmazlığından əziyyət çəkir.

Mütəxəssis qeyd edir ki, bu dövrdə yod səviyyəsinin azalması da müşahidə olunur və bu, qalxanabənzər vəzinin fəaliyyətini zəiflədərək maddələr mübadiləsini ləngidir. Nəticədə yaz aylarında tez-tez rast gəlinən yorğunluq, apatiya və əhvalın aşağı düşməsi kimi şikayətlər yaranır.

Ekspertin sözlərinə görə, beynin fəaliyyəti və emosional vəziyyət üçün manqan, mis, maqnezium və dəmir də mühüm rol oynayır. Bu maddələrin çatışmazlığı əsəbilik, yuxululuq və diqqətin azalması ilə müşayiət oluna bilər.

Qış aylarında yaranan vitamin çatışmazlığı xarici görünüşə də təsir edir. Mis, manqan və silisiumun azlığı dərinin elastikliyini azalda bilər. Həmçinin A və D vitaminlərinin, eləcə də sink, selen və yodun çatışmazlığı dəridə quruluq və həssaslığın artmasına səbəb ola bilər.

Mütəxəssis xüsusilə D, B12, B9 və C vitaminlərinin səviyyəsinə diqqət yetirməyi tövsiyə edir. Bu maddələr tez-tez xroniki yorğunluqla əlaqələndirilir.

Bu vitaminləri qida vasitəsilə də qəbul etmək mümkündür. Məsələn, D vitamini yağlı balıq, yumurta, qaraciyər və kərə yağında olur. B12 vitamini əsasən qaraciyər və qırmızı ətdə, B9 vitamini isə yarpaqlı tərəvəzlərdə, paxlalılarda, sitrus meyvələrində və qoz-fındıqda mövcuddur. Bu məhsulların rasiona daxil edilməsi qışdan sonra orqanizmin bərpasına kömək edə bilər.