Son illər bir çox insan sağlamlıq və ya həyat tərzi səbəbilə ət məhsullarını rasiondan azaltmağa çalışır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, ətin yerinə sadəcə bir boşqab lobya və ya mərci qoymaq kifayət etmir. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, dietoloq Andrey Bobrovski düzgün kombinasiyanın vacibliyini vurğulayıb.

Ekspertin sözlərinə görə, paxlalılar yüksək keyfiyyətli bitki zülalı ilə zəngin olsa da, onların tərkibində bəzi vacib amin turşuları çatışmır. Bu səbəbdən yalnız paxlalılarla qidalanmaq orqanizmin zülal ehtiyacını tam ödəməyə bilər. Tam dəyərli zülal əldə etmək üçün onları taxıl məhsulları ilə birlikdə qəbul etmək tövsiyə olunur.

Mütəxəssis bildirir ki, düyü ilə mərci, lobya ilə çörək və ya noxudla kuskus kimi birləşmələr ideal seçim hesab olunur. Bu cür qida kombinasiyaları amin turşularını tamamlayaraq ətə alternativ ola biləcək balanslı zülal mənbəyi yaradır. Beləliklə, orqanizm ehtiyac duyduğu bütün əsas amin turşularını qəbul etmiş olur.

Dietoloq əlavə edib ki, sağlam bitki əsaslı qidalanma üçün bahalı və ekzotik “superfood” məhsullara ehtiyac yoxdur. Əsas məsələ gündəlik istifadə olunan məhsulları düzgün şəkildə uyğunlaşdırmaqdır. Məsələn, mərci ilə düyü və ya lobya ilə lavaş birlikdə həm doyumlu, həm də qidalandırıcı seçimdir.

Mütəxəssislər vurğulayırlar ki, planlı və balanslı yanaşma olduqda paxlalılar ətə sağlam alternativ kimi çıxış edə bilər. Əks halda isə sadə dəyişiklik gözlənilən faydanı verməyə bilər. Düzgün qurulmuş rasion həm ürək sağlamlığına, həm də ümumi metabolik balansın qorunmasına müsbət təsir göstərir.