Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Bitki mühafizə vasitələri” mövzusunda olacaq.
Bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması məqsədilə istifadə olunan pestisidlər, bitkilərin boy artımı stimulyatorları, canlı faydalı orqanizmlər və texniki vasitələr bitki mühafizə vasitələri hesab olunur. Bitki mühafizə vasitələri əsasən bitki mühafizəsi, baytarlıq və səhiyyə sahəsində istifadə edilən bütün növ pestisidlər, bitki boy artımı tənzimləyiciləri, attraktantlar, repellentlər, fermentlərin aktivliyini və ya canlı orqanizmlərin mübadilə proseslərini ləngidən hüceyrə metobolizminin məhsulları, antifidantlar, bioloji preparatlar, bitki stimulyatorları, immunizatorlar, bioloji mübarizə agentləri, tutucular və feromonlar, texniki vasitələrdən ibarətdir. Bitki mühafizə vasitələrinin əsas qruplarından biri də pestisidlərdir. Zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən kimyəvi və bioloji maddələr, həmçinin yığımdan öncə yarpaqların qurudulması və tökülməsi üçün istifadə edilən vasitələr pestisidlər qrupuna daxildir. Bu maddələr kimyəvi tərkibinə, tətbiq obyektlərinə, habelə orqanizmə daxilolma və təsiretmə xarakterinə görə təsnifata bölünürlər. Kimyəvi tərkibinə görə isə pestisidləri 3 əsas qrupa bölürlər. Qeyri-üzvi birləşməli preparatlar, bitki, bakteriya və göbələk mənşəli preparatlar və üzvi-birləşməli preparatlar. Tətbiq obyektlərinə görə pestisidlər insektisidlərə, akarasidlərə, insektoakarasidlərə, fungisidlərə, bakterisidlərə, ovisidlərə, larvisidlərə, nematosidlərə, mollyuskisidlərə, herbisidlərə, arborisidlərə, alhisidlərə, rodentisidlərə, afisidlərə, vermisidlərə və virusoidlərə bölünür. Burada təsnifat müəyyən dərəcədə şərtidir. Belə ki, bir çox pestisidlər universal təsirə malikdirlər həşəratları, habelə sürfə və gənələri məhv edirlər. Məsələn, metation və karbofos həm insektisid, həm də akarasid təsirlidir. Onlara insektoakarasidlər deyilir. Bəzi pestisidlər bir çox göbələk xəstəliklərini, habelə həşəratları və gənələri məhv edirlər. Bu tip pestisidlərə akarofungisidlər deyilir. Bir çox herbisidlərin dozalarını yüksəltdikdə ağac-kol bitkilərini də məhv edə bilir, bu zaman özünü arborosid kimi aparırlar. Orqanizmə daxilolma qaydası və təsir xarakterinə görə insektisidlər bağırsaq, kontakt və fumiqant təsirli kimi təsnifata bölünür. Bu təsnifat zəhərin orqanizmə daxil olması haqqında mühakimə yürütmək üçün faydalıdır. Bağırsaq təsirli insektisidlər zərərli həşəratların orqanizminə qida ilə birlikdə düşdükdə zəhərlənmə əmələ gətirir. Kontakt insektisidlər dəri örtüyü ilə biləvasitə əlaqədə olduqda həşəratların məhvinə səbəb olur. Fumiqantlar isə həşərat və heyvanların orqanizminə qaz və ya buxar şəklində tənəffüs orqanlarından daxil olurlar. Onlara həm də fumiqant təsirli insektoakarasidlər daxildir. Hansı ki, onlar tənəffüs orqanları ilə zərərli həşərat və gənələrin orqanizmlərinə düşərək zəhərlənmə əmələ gətirir. Bu təsnifat da müəyyən dərəcədə şərtidir. Belə ki, bir çox pestisidlər bağırsaq, kontakt və fumiqant təsirə malikdir. Bütün pestisidlər 2 böyük qrupa bölünür-kontakt və sistem təsirə malik olanlar. Kontakt kimyəvi maddələr zərərli orqanizmlərlə təmas etdikdə onun ölümünə və ya sayının azalmasına səbəb olan pestisidlərdir. Sistem pestisidlər bitkiyə daxil olmaq qabiliyyətinə malikdir və onlar toxumalarda hərəkət etməklə zərərli orqanizmlərin məhvinə səbəb olur.