Soyuqdəymə zamanı düzgün qidalanma sağalma prosesində mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, bəzi qidalar orqanizmi zəiflədə, iltihabı artıra və sağalma müddətini uzada bilər. Bu səbəbdən xəstəlik dövründə rasiona xüsusi diqqət yetirmək vacibdir.
Foodinfo.az Healthline saytına istinadla xəbər verir ki, dietoloq Katherine Marengo soyuqdəymə zamanı şəkərli və yüksək emal olunmuş qidalardan uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, şirniyyatlar və qazlı içkilər immun sisteminin fəaliyyətini zəiflədə və orqanizmin viruslarla mübarizəsini çətinləşdirə bilər. Eyni zamanda, yağlı və qızardılmış qidalar həzmi ağırlaşdıraraq bədənin əlavə enerji sərf etməsinə səbəb olur.
Ekspert əlavə edir ki, süd məhsulları bəzi insanlarda selik ifrazını artıra bilər ki, bu da öskürək və boğaz narahatlığını gücləndirir. Kofeinli içkilər isə orqanizmdə susuzlaşmanı artıraraq bərpa prosesini ləngidə bilər. Mütəxəssislər belə hallarda daha çox isti mayelərə, yüngül və qidalı yeməklərə üstünlük verməyi məsləhət görür. Düzgün seçilmiş rasion immun sistemini dəstəkləyərək xəstəlikdən daha tez qurtulmağa kömək edir.






