Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində regionlarda yerləşən ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Qax rayonu F. Babayev adına 4 nömrəli tam orta məktəb və Qax T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. AQTA-dən Foodinfo.az-a verilən məlumata görə, görüşdə şagirdlərə Agentliyin mütəxəssis tərəfindən “Sağlam məkətbli” layihəsinin məqsədi ilə bağlı məlumat verilib, sağlam qidalanma vərdişləri və qida təhlükəsizliyində ictimai nəzarətin vacibliyindən danışılıb. Şagirdlərə Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.
Namiq Musayev