Bir çoxları sağlamlıq naminə daha çox su içməyin faydalı olduğunu düşünür, lakin həkimlər normadan artıq maye qəbulunun ciddi fəsadlara səbəb ola biləcəyini bildirir. Foodinfo.az RT-yə istinadən xəbər verir ki, diyetoloq Mariyat Muhina gündəlik su istehlakının hər kəs üçün fərdi hesablanmalı olduğunu deyib. Onun sözlərinə görə, isti sexdə və ya ağır fiziki şəraitdə işləməyən insanlar üçün qadınlarda norma kiloqram başına təxminən 30 ml, kişilərdə isə 35 ml su hesab olunur. Bu hesaba yalnız saf su deyil, həm də qidaların tərkibində olan maye daxildir və bu göstərici bəzən gündə 1,5 litrədək təşkil edə bilər. Mütəxəssis vurğulayıb ki, normadan çox içilən su böyrəklərin yükünü artırır, onların genişlənməsinə səbəb olur, nəticədə ödem, baş ağrısı və təzyiq yüksəlməsi kimi narahatlıqlar yarana bilər.

Muhinanın sözlərinə görə, çoxlu su qəbul etmək həmçinin mədə şirəsini və ödün konsentrasiyasını zəiflədir, bu isə onların mikroblara qarşı qoruyucu təsirini azaldaraq bağırsaq və öd yolları infeksiyalarına yol aça bilər. O əlavə edib ki, həddindən artıq maye orqanizmdə duzların yuyulmasına, yəni hiponatriemiyaya səbəb olur ki, bu vəziyyət yuxululuq, huş pozulması, ürək ritm pozğunluğu ilə nəticələnə bilər. Diyetoloq bildirib ki, mineralların itməsi tachikardiya və hətta fibrilasiya riskini artırır. Həkim qeyd edib ki, daim keçməyən güclü susuzluq isə adi vərdiş deyil, şəkərli və ya şəkərsiz diabet kimi endokrin pozuntuların əlaməti ola bilər. O, su qəbulunun normadan artıq və ya az olmamasının, bədənin siqnallarını izləməyin və sağlamlıqda dəyişikliklər müşahidə olunarsa mütləq mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayıb.