İnsan  yaradılışın  əşrəfidir. Yaradan  insanı  böyük  hədəflər  üçün  yaradıb. O,  həm  Yaradanın  yanında  əziz  olmalı, həm  də əbədi  məkan  sayılan  axirət  aləminin  səadət  mənzili  olan  cənnətdə  məskunlaşmalıdı. Dünya  axirətin  keçid  yeridir, insan  bir  müddət bu həyatda  yaşamalıdır. O,  ruh  və  cisimdən  ibarət  olduğu  üçün  dünyada  yaşadığı  müddətdə həm  ruhunu, həm də cismini  qidalandırmalıdır. Ruhun  qidası  ibadət  olduğu  halda, cismin  qidası  dünyanın  yeməli, içməli  nemətləridir. Deməli  aqil  olan  insan  həm  ruhunun  qidasına, həm  də cisminin  qidasına  həssas  olmalıdır. Çünki  bunlardan   biri  lazım  olduğu  kimi  qidalanmazsa, insan  o  ali  hədəfə  çata  bilməyəcək. Varlıq  aləminin  yaradanı  olan  Allah  hikmət  sahibi  olduğundan,  Onun  bütün  işlərində, əmr  və  qadağalarında  məsləhət, hikmət  vardır.  O, heç   bir  şeyi  əbəs  yaratmayıb  və  heç  bir  hökmündə  bihudəlik  tapılmaz. Quranda buyurur  ki: ” Ey  iman  gətirənlər!  Sizə  ruzi  edilmiş  pak  nemətlərdən  yeyin,  əgər  ona  pərəstiş edənsinizsə, Allaha  şükr  edin.” (Bəqərə 172) Yuxarıdakı  ayədən  göründüyü  kimi  insanı  yaradan   və onun məsləhətin  bilən  Allah, insanlara   ancaq  “pak  ruzilərdən” yeməyə  icazə  verir.  Nəzərə  alsaq  ki,  Allah  insanın, eləcə də digər  canlı  və  cansız  varlıqların  Yaradanıdır, onların  necəliyini  yaxşı  bilir, həmçinin  insanın  Yaradanı  olmaqla  bərabər,  həm  də  onun  Rəbbidir, onda  yəqin  deyə  bilərik  ki, Onun bizə  bütün  əmr  etdiklərində  xeyir, qadağan  etdiklərində  isə  zərər  vardır. Başqa ayədə  isə  bəndələrinə  bəzi  haramları  bəyan edir: “ Allah  sizə  ancaq  ölü   heyvanı , qanı, donuz  ətini  və (kəsən  zaman  başı üzərində ) Allahdan  qeyrisinin  adı  çəkiləni  haram  etmişdir.”(Nəhl 115) Təbii ki  insanın  qidaya  ehtiyacı  var.  Ancaq  onun  məsləhətin  istəyən  Rəbbi  insanın  sağlamlığını, rifahını  və  rahatçılığını təmin  edən  qidaları  ona  icazə  verir, ondan qeyrilərini isə qadağan edir.  Ayədə də buyurulduğu  kimi  donuz  ətini, ölü  heyvanı, qanı  və  Allahın  adı  çəkilmədən  kəsilən  heyvanı  yeməyi  bəndələrinə haram  etmişdir. Əlbəttə  islam  təlimlərində  şəriətdə icazə  verilməyən  qidaların  bəzilərinin qadağan  olmasının  səbəbləri  açıqlanmışdır. Tədricən  isə  elm  və  texnikanın  inkişafı    açıqlanılan  hökmləri  təsdiqləmişdir. Hətta  deyilməmiş  səbəbləri  də kəşf  etməklə, əksər  haramların   hikməti   hər  kəsə  aydın  olmuşdur. Başqa bir  ayədə isə digər  haramlar  qeyd  olunmuşdur: “Ey  iman  gətirənlər, həqiqətən  şərab, qumar  və  asılmış  bütlər(ə ibadət etmək,onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və  qumardakı  püşk  oxları  nəcis  və murdardır  və  şeytanın ixtiralarındandır. Buna  görə də  onlardan  çəkinin, bəlkə  nicat  tapasınız.”(Maidə  90) Bu  ayədə  şərab  və  digərlərinin  şeytanın  ixtiraları  olduğunu, bununla  da  insanı  düz  yoldan  sapdırmaq  niyyətini  insanlara  bəyan  edir. Ayənin  sonunda  isə  onlardan  çəkinməyi  insanların  nicatı  kimi  vurğulayır . Başqa  bir  ayədə  isə  şərab  və  qumara  vəsvəsə  edən  şeytanın  digər  hiylə  və  niyyətini  açır  və  onun ziyanlarından  danışır:  “Həqiqətən  şeytan  şərab  və  qumarla  (sizi onlara aludə edib onların düşkünü etməklə  ) aranızda  düşmənçilik  və  kin  salmaq  və  sizi  Allahın  zikrindən  və  namazdan  saxlamaq  istəyir.  Belə  isə,  əl  çəkəcəksizinizmi?   Allaha  itaət  edin, Onun  peyğəmbərinə  tabe  olun  və  (onunla müxalifət etməkdən ) çəkinin.”(Maidə  91,92) Ancaq  bir  məsələyə  də diqqət  olunmalıdır  ki,  bəzi  hökmlərin, qadağaların  hikməti müəyyən  səbəblərdən   islam təlimlərində  deyilməyə  də  bilər .Ona  görə  də, hər  bir  müsəlmana- Yaradanın  rəbb, hikmətli, alim  və  bəndələrinə  mehriban   və  onların  məsləhətin  bilən  olmasına  iman  gətirmiş  şəxsə  vacibdir  ki, hikmətini,  ziyan və  xeyrini   bilsə də , bilməsə  də, Onun  əmrlərinə  tabe  olaraq , şəriətdə  buyurulduğu  pak  nemətlərdən  qidalansın, halal  olmayanlardan  çəkinsin. Belə ki, bəzi  ayələrdə  Allah-təala  özü,  iman  gətirmişlərdən  Onun  buyurduğu  halal-haramlara  riayət  etməyənlərini   qınayır:   “Sizə  nə  olmuşdur  ki, (kəsilərkən  başı ) üzərində  Allahın  adı  çəkilən şeylərdən  yemirsiz, halbuki, O, sizə haram  etdiklərini –zərurət halında yeməyə  məcbur olduğunuz şey istisna olmaqla – bütün  təfsilatı  ilə  bəyan  etmişdir.”  (Ənam  119) Quranda  bəzi yerlərdə  isə  bu haramlardan  çəkinməməyi   birbaşa  itaətsizlik adlandırır: “(Kəsilərkən başı) üzərində  Allahın  adı  çəkilməmiş  (və murdar olmuş)  şeydən  yeməyin ki, onu  yemək  əlbəttə,(Allaha qarşı )  itaətsizlikdir.  (Ənam  121) Həmçinin, onu da bilmək  lazimdır  ki , islam  rəhbərlərinin   hədislərində  pak  və  qeyri pak  qidaların  birbaşa  insanın  ruhuna  da  təsir  qoyduğu  vurğulanır. Pak  olmayan qidanın  ruha olan təsiri  isə,  cismə  olan  təsirindən  daha  çoxdur. Nəzərə  alsaq  ki, insanın  kamilliyi  onun  ruhuna  bağlıdır, onda cismindən çox  ruha  olan  ziyanlarına  daha  çox  diqqət  etməliyik. Bununla da  Allahın adı  çəkilmədən, üzü qibləyə  olmadan  kəsilən  heyvanların  yeyilməsinin qadağan  olmasının  zahiri  də olsa,  hikməti  aydınlaşır. Bu  mətləbə  Allah-təala  Quranda  incə  olaraq  belə toxunur: “Ey  insanlar! Yer üzündəki halal  və  pak  şeylərdən  yeyin  və şeytanın  addımlarına  tabe  olmayın! Həqiqətən  o  sizin  aşkar  düşməninizdi.” (Bəqərə 168) Bəndələrinə  mehriban  olan  Allah  bu  ayədə  insanlara  həm  halal, həm  də  pak  şeylərdən  yeməyi  əmr  edir. Bunlardan  qeyrisindən  istifadəni, qidalanmanı  isə  “şeytanın addımları” adlandıraraq  ona  tabe olmamağa  çağırır. Çünki  insanın  yaranmasından  onun  düşməni olan  şeytan, insanı  əbədi bədbəxt etmək  üçün   ən  güclü  hiylələrdən  istifadə  edir. Deməli  şeytanın  vəsvəsə  etdiyi,  Allahın  isə  bizi  bu   məsələdən  xəbərdar  etdiyi  mövzu  qeyri  ciddi  ola  bilməz.  Əlbəttə  tarixdə də halallığa  önəm  verməyənlərin  aqibəti  indi  də  hər  kəsə  bəllidi. halalgroup.az