Bir çox noutbuk istifadəçisi divanda və ya çarpayıda rahat oturaraq ekran qarşısında vaxt keçirirlər, lakin bunun təhlükəli olduğu barədə az adamın məlumatı var.

Foodinfo.az xəbər verir ki, elektronika mütəxəssisi Nina Plastinina noutbuku diz üstə qoyub işlətməməyi tövsiyə edir.

Onun sözlərinə görə, noutbuk yumşaq səthlərdə olduğu zaman prosessoru soyutmaq üçün nəzərdə tutulan havalandırma dəlikləri bağlana bilər. Bu, noutbukun ömrünün qısalmasına və hətta sona çatmasına səbəb ola bilər.

Nina Plastinina, həmçinin, şarj cihazından düzgün istifadə etməyin vacibliyini vurğulayır. Hər bir sim müəyyən gərginlik səviyyəsi üçün nəzərdə tutulub və uyğun olmayan şarjerdən istifadə ana platanın işləməsinə təsir göstərə bilər. Belə problemlərin qarşısını almaq üçün yalnız orijinal şarj cihazından istifadə etmək tövsiyə olunur.

Bundan əlavə, noutbukun müntəzəm təmizlənməsi onun ömrünü uzatmağa kömək edəcək. Noutbukun üzərini hər ay tozsoran, xüsusi maye və fırça ilə təmizləmək tövsiyə olunur. İldə bir dəfə isə cihazı sökərək içindəki tozu təmizləmək məsləhətdir.

Bundan başqa, akkumulyatorun (batareyanın) vəziyyətinə nəzarət etmək də vacibdir. Batareyanın məhdud sayda tam dolma dövrü var ki, bu sayı keçdikdə onun tutumu azalmağa başlayır. Batareyanın ömrünü uzatmaq üçün şarjı 20% ilə 80% arasında saxlamaq və noutbuku daimi olaraq elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamamaq tövsiyə olunur.

Noutbukunuzu qorumaq və ömrünü uzatmaq üçün bu sadə qaydalara riayət etmək vacibdir.

Nərmin